ELM VƏ TƏHSİL
ATMU-da “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” mövzusunda konfrans

Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” mövzusunda V beynəlxalq elmi-praktik konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, Turizm biznesi kafedrasının təşkilatçılığı ilə keçirilən konfransın əsas məqsədi müasir dövrdə turizmin müxtəlif sahələrində qarşıya çıxan problemlərin müəyyənləşdirilməsi və həlli zəruri bilinən təkliflərin dəyərləndirilməsi olub.
Plenar iclasda universitetin tədris işləri üzrə prorektoru professor Zaur Bağırov çıxış edərək beynəlxalq tədbirin aktuallığını və əhəmiyyətini vurğulayıb, konfransın işinə uğurlar arzulayıb.
Turizm və qonaqpərvərlik fakültəsinin dekanı dosent Bahadur Bilalov ATMU-da işğaldan azad olunmuş ərazilərimizdə turizm potensialının tədqiqinin və turizm növlərinin inkişafı üçün əməli təkliflər verilməsinin ümdə vəzifə olmasını qeyd edib.
Türkiyə Respublikası Osman Qazi Universitetinin Turizm fakültəsinin dekanı professor Yaşar Sarı, İtaliya Respublikasındakı Romualdo Del Bianko Fondunun Baş Katibi Simone Giometti, Sinqapur Milli Turizm Agentlikləri Assosiasiyasının icraçı direktorunun müavini Julia Chang, Doğu Akdeniz Universitetinin Turizm fakültəsinin dekan müavini professor Əli Öztürən, Rusiyadakı Povoljsk Dövlət Texnologiya Universitetinin dosenti Svetlana Vasina çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.
Plenar iclasda AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri dosent Zaur İmraninin “Qarabağın turizm-rekreasiya ehtiyatı və onların inkişaf etdirilməsi yolları” mövzusunda məruzəsi dinlənilib.
Sonra konfrans işini bölmələr üzrə davam etdirib. Ümumilikdə konfransda Azərbaycan, rus, ingilis və türk dillərində 54 məruzə dinlənilib. Konfransa məruzələr Türkiyə, Rusiya və Azərbaycandan daxil olub. Azərbaycandan konfransa ATMU, AMEA Coğrafiya İnstitutu, Naxçıvan Dövlət Universiteti, UNEC, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından məqalələr təqdim edilib.
Məruzələr “Azərbaycan Respublikasında turizmin vəziyyəti və perspektivləri”, “Qarabağın turizm-rekreasiya ehtiyatı və onların inkişaf etdirilməsi yolları”, “Naxçıvan Muxtar Respublikasının balneoloji turizm ehtiyatları və onlardan istifadə xüsusiyyətləri” mövzularında olub. Eləcə də ölkəmizin digər regionlarının turizm imkanları haqqında, turizm sektorunda istehlakçı davranışları, turizm bazarının rəqəmsal transformasiyası, Azərbaycanın mədəni dəyərlərinin beynəlxalq əlaqələrin inkişafına təsiri, turizm bazarında işgüzar turizm sənayesinin inkişafı və digər müxtəlif sahələri əhatə edib.