ELM VƏ TƏHSİL


ATMU-da konfrans: İdarəetmədə multikultural dəyərlər

Bakı, 16 may, AZƏRTAC

Mayın 16-da Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ali məktəbin elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “İdarəetmədə multikultural dəyərlər” mövzusunda doktorant, dissertant və müstəqil tədqiqatçıların IV respublika elmi konfransı keçirilib.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, rektor İlham Mədətov konfransın keçirilməsində əsas məqsədin müasir dövrdə idarəetmənin multikultural inkişafı istiqamətində aparılan işlər çərçivəsində məhz multikultural dəyərlərin mükəmməl modelini yaratmaqdan ibarət olduğunu söyləyib. Bildirib ki, həmçinin məqsəd tətbiqi tədqiqatların təbliği mexanizmini hazırlamaq, mədəni-etnik müxtəliflik amilinin dövlətçiliyin inkişafına xidmət üsullarını müəyyənləşdirib həyata keçirməkdir.

Rektor idarəetmənin çoxcəhətli prosesi əhatə etdiyini, cəmiyyətin bütün fəaliyyət dairəsi ilə əlaqəli olduğunu söyləyib, konfransda ölkənin müxtəlif ali təhsil müəssisələrindən nümayəndələrin iştirakını yüksək dəyərləndirib.

Elm və innovasiya şöbəsinin müdiri, dosent Nəsirullah Nəsirli “Yeni əsrdə turizmin inkişaf istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib. O, turizmin kütləvi və sosial kateqoriya kimi çoxsaylı amillərin təsiri ilə formalaşdığını söyləyib, müasir dövrdə turizm bazarında tələbata təsir göstərən vacib amilləri qruplaşdırmaqla bu sahənin təsnifat göstəricilərini diqqətə çatdırıb.

Karyera və kommunikasiya şöbəsinin müdiri, dosent Anar Eminov “Ümummilli lider Heydər Əliyevin iqtisadi siyasətində multikultural dəyərlərin təhlili” mövzusunda məruzəsində Ulu Öndərin nəzəri-metodoloji və praktik əhəmiyyətli baxışlarına elmi baxımdan münasibət bildirib.

Konfransda “Azərbaycançılıq və multikultural dəyərlər”, “Turizmin inkişafında mədəni irsin rolu”, “Turizmin sosial-iqtisadi inkişafa təsiri”, “Müasir idarəetmənin inkişaf tendensiyaları” üzrə bölmələrdə ümumilikdə 52 məruzə dinlənilib.

Tədbirdə “Kommunist rejimi daxilində milli dəyərlər uğrunda mübarizə”, “Azərbaycanda müalicəvi turizmin təhlili və qiymətləndirilməsi”, “Azərbaycan Respublikasında turizm sahəsinin müasir inkişaf perspektivləri”, “Mətbuat azadlığı Azərbaycanda multikulturalizm siyasətinin mühüm amillərindən biri kimi”, “Turizm klasterlərinin sosial-iqtisadi inkişafa təsiri” mövzularında məruzələr maraqla qarşılanıb.

Konfrans yekun plenar iclasla başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.