ELM VƏ TƏHSİL
ATMU-da məlumat günü: “Tədris və öyrənmə prosesində keyfiyyət təminatı”
Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əməkdaşları üçün “Erasmus+” EQAC layihəsi çərçivəsində “Tədris və öyrənmə prosesində keyfiyyət təminatı” mövzusunda məlumat günü keçirilib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, tədbirin həyata keçirilməsində məqsəd layihənin iş planına uyğun olaraq, universitetin əməkdaşlarını EQAC və Keyfiyyət Təminatı Mərkəzinin fəaliyyəti haqqında məlumatlandırmaqdır. Həmçinin layihə çərçivəsində əldə edilmiş İsveç, Vilnüs və London təcrübələrini bölüşmək, eləcə də atılacaq növbəti addımların - sorğular, monitorinq və müvafiq tədbirlərin, Avropa ekspertlərinin iştirakı ilə Azərbaycan universitetlərinin Avropa Komissiyası tərəfindən maliyyələşdirilmiş qrant proqramlarında iştirakının lazımi səviyyədə olmaması və bu sahədəki problemlərin həlli yollarının müzakirəsi olub.
Tədbirdə “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, həmin sənəd təhsilin keyfiyyətinin ölçülməsi meyarlarına müvafiq beynəlxalq standartlara – “Avropa Ali Təhsil Məkanının Kvalifikasiyalar Çərçivəsi” və “Ömürboyu təhsil üzrə Avropa Kvalifikasiyalar Çərçivəsi”nə uyğun hazırlanıb. Sənəd təhsilin 8 fərqli səviyyəsi, o cümlədən bakalavr, magistr və fəlsəfə (və elmlər) doktoru səviyyələri üçün deskriptorları müəyyən edir. Milli Kvalifikasiyalar Çərçivəsi qarşıdakı illərdə təhsilin keyfiyyətinin artırılması prosesində istifadə olunacaq əsas qanunvericilik aktlarından biri hesab olunur.
Tədbirdə tədrisin keyfiyyətinin ümumi prinsipləri, kompetensiyalar və təlim nəticələri, maraqlı tərəflərin müəyyən edilməsi və rəylərinin öyrənilməsi metodları, təlim nəticələrinin, tədrisin, mənimsəmənin və qiymətləndirmə metodlarının əlaqələndirilməsinə dair məqalələrin beynəlxalq jurnallarda dərc olunması məsələləri ətraflı müzakirə edilib.
Layihənin üzvləri E.Yusifli, F.Ələsgərova və S.Məmmədov iştirakçılara layihənin məqsədi, Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və beynəlxalq standartlara uyğunlaşdırılması, təlim-səfərlər dövründə qazanılan bilik və bacarıqlar barədə ətraflı məlumat veriblər.