ELM VƏ TƏHSİL


ATMU-da tədbir: Narkotiklər haqqında həqiqəti öyrənək

Bakı, 1 iyul, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Narkotiklər haqqında həqiqəti öyrənək” adlı onlayn tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə ATMU-nun rektoru İlham Mədətov ölkəmizdə narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daim gündəmdə saxlanıldığını qeyd edib, hüquq-mühafizə orqanlarının bu sahədəki fəaliyyətini yüksək dəyərləndirib. Rektor bu tədbirlərin daha da gücləndirilməsi tələbinin Azərbaycanın qətiyyətli mövqeyinin konkret göstəricilərindən biri olduğunu vurğulayıb.

İlham Mədətov narkotik vasitələrin insan sağlamlığına zərərləri, onun fəsadlarından söz açıb. “ATMU narkotik vasitələrin ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində dövlətimizin bu sahədəki siyasətini tam dəstəkləyir, siz gənclərin bu bəladan uzaq durmaları üçün bütün imkanlarını səfərbər etməkdə maraqlıdır”, - deyə rektor bildirib.

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Milli informasiya sektorunun müdiri Raqif Allahverdiyev ölkəmizdə narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsini şərtləndirən uyğun icra mexanizminin əhəmiyyətindən danışıb. Həmçinin yeniyetmə və gənclərin sağlam və bilikli böyüməsi istiqamətində görülən işlərin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Tədbir iştirakçıları narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın müasir dünyanı ciddi narahat edən qlobal problemlərdən biri olduğunu, cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına təsir imkanlarını, genefondun tənəzzülü və digər mənfi hallara gətirib çıxardığını diqqətə çatdırıblar.

Sonda Səhiyyə Nazirliyinin “Riskin azaldılması” layihəsinin Sumqayıt şəhəri üzrə koordinatoru, narkomaniya üzrə ekspert Emil Maqalov, psixologiya üzrə fəlsəfə doktoru, dosent Vasif Muradzadə narkotik vasitələrdən istifadənin fəsadları haqqında danışıb, tələbələrin suallarını cavablandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.