ELM VƏ TƏHSİL
ATMU-da tədbir: Turizm biznesində uğurlu adamların yolu
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Turizm biznesində uğurlu adamların yolu” mövzusunda tədbir keçirilib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə universitetin məzunu Tərlan Quliyev turizm sektorunda işləmək və rəqabət mühitində öz yerini almaq üçün lazım olan bilik və bacarıqların, ictimai işlərdə fəallığın tələbələrin inkişafına verəcəyi töhfələrdən danışıb. Tərlan Quliyev, həmçinin uğurlu karyerasında qarşılaşdığı problemlərdən və onların həll edilməsi yollarından bəhs edib. O, turizm sektorunda müxtəlif dil və biliklərin mənimsənilməsinin, əlavə məlumatların araşdırılmasının, eyni zamanda, turizm sənayesində müəyyən mövqeyə sahib insanların təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayıb.
Turizm və qonaqpərvərlik fakültəsinin birinci kurs tələbələrinin motivasiya edilməsinə istiqamətlənmiş tədbir iştirakçıların marağına səbəb olub.
Sonda Turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Emin Quliyev və Turizm biznesi kafedrasının baş müəllimi Aynur Hüseynzadə tələbələrə tövsiyələrini veriblər.