ELM VƏ TƏHSİL
ATMU-da təlim: Liman logistikası və dəniz daşımaları

Bakı, 20 dekabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Sosial menecment fakültəsinin təşkilatçılığı ilə “Liman logistikası və dəniz daşımaları” mövzusunda təlim keçirilib.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə nəqliyyat logistikası üzrə təlimçi Nicat Şabanlı təqdimatla çıxış edib. O, ”Dəniz yolu ilə dünyada və Azərbaycanda yükdaşımaların qısa tarixi”, “Bakı limanı, həmçinin Xəzər dənizindəki, Türkiyə, Avropa və Rusiyadakı limanlar haqqında məlumat və statistik göstəricilər”, “Gəmilərin bölgüsü, dünyadakı ən böyük gəmilər və Azərbaycan Xəzər Dəniz Gəmiçilik Şirkətinin gəmiləri haqqında məlumatlar”, “Konteynerlərin tarixi, onların növləri və markalanması”, “Dəniz daşımalarını nizamlayan Beynəlxalq Konvensiya və Qaydalar”, “Dəniz yolu ilə yükdaşımalar zamanı istifadə olunan termin və qısaltmaların izahı” və digər mövzulara aydınlıq gətirib.
ATMU-nun nəqliyyatda servis ixtisasında təhsil alan tələbələrin qatıldıqları təlimdə maraqlı fikir mübadiləsi aparılıb.