ELM VƏ TƏHSİL
ATMU-da turizm sahəsində dərs vəsaitlərinin tərtib edilməsinə dair seminar
Bakı, 12 may, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Mehmanxana və restoran biznesi kafedrası tərəfindən “Turizm və otelçilik sahəsində dərslik və dərs vəsaitlərinin tərtib edilməsi zamanı termin və anlayışların izahının müzakirəsi” mövzusunda elmi-praktik seminar keçirilib.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, Mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev Ümummilli Lider Heydər Əliyevin turizm sənayesinin inkişafı istiqamətindəki böyük rolundan, o cümlədən turizm və təhsil sahələrində aparılan islahatların əhəmiyyətindən bəhs edib. Həmin kafedranın əməkdaşları Tural Salıfov və Vəfadar Rizvanlı “Servis fəaliyyəti” dərs vəsaitinin işlənib hazırlandığını, fənnin tədrisi prosesində izahlı terminlərdən istifadənin əhəmiyyətini qeyd ediblər.
Seminarda Turizm və Menecment Universitetinin elm və inkişaf məsələləri üzrə prorektoru professor İranə Əliyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Kifayət Xudaverdiyeva, Bakı Dövlət Universiteti, Qərb Universiteti və Kooperasiya Universitetinin müəllimləri Turanə Quliyeva, Anar Məlikov, ATMU-nun İqtisadiyyat kafedrasının müdiri Səkinə Hacıyeva, Keyfiyyət təminatı şöbəsinin bölmə müdiri Alikper Rizayev, Turizm biznesi kafedrasının müəllimləri Samirə Əzizova, Narxanım Kamilova, ATMU-nun dissertantı Həmid Cahadi və Mehmanxana və restoran biznesi kafedrasının professor-müəllim heyəti iştirak ediblər.