ELM VƏ TƏHSİL
“ATMU məzun paneli” adlı onlayn tədbir təşkil edilib

Bakı, 8 may, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ali təhsil müəssisəsi məzunlarını bir araya gətirən “ATMU məzun paneli” adlı onlayn tədbir keçirilib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, müzakirə formatında təşkil olunan görüşdə universitetin məzunları çıxış edərək öz fəaliyyət sahələri ilə bağlı təcrübələrini bölüşüblər.
Tədbirdə “Azərbaycanda hotel sahəsinin bugünkü vəziyyəti, reallıqlar və perspektivlər”, “Pandemiya dövründə turizmin üzləşdiyi problemlər və həlli yolları”, “Turizm bələdçisi, Peşəkar Turizm Bələdçiləri Assosiasiyaları və yeni strategiyalar”, “Turizmin inkişafında düzgün məzmunun rolu”, “Otel idarəçiliyi və krizis menecment” və “Turizmdə peşəkar kadrların yetişdirilməsində ali təhsilin rolu” və digər mövzularda maraqlı müzakirələr aparılıb.
Görüşün sonunda ATMU məzunları iştirakçıların suallarını cavablandırıblar.
“ATMU məzun paneli”nin davamlı fəaliyyət göstərməsi nəzərdə tutulur.