ELM VƏ TƏHSİL
ATMU-nun əməkdaşları “Peşəkar karyera məsləhətçisi” təlim kursunu müvəffəqiyyətlə bitiriblər

Bakı, 9 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən təşkil edilən “Peşəkar karyera məsləhətçisi” adlı silsilə təlim kursu başa çatıb. Silsilə təlim kursunun yekun imtahanında Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova və şöbənin baş mütəxəssisi Elnurə Əliyeva ən yüksək nəticə əldə ediblər.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, universitetin əməkdaşları “Peşəkar karyera məsləhətçisi” adlı silsilə təlim kursunun çoxsaylı iştirakçıları arasında ilk iki yerə layiq görünüb və fərqlənmə sertifikatı alıblar.
Qeyd edək ki, təlim kursu ölkənin ali təhsil müəssisələrinin Karyera mərkəzlərində çalışan əməkdaşları üçün təşkil edilib. Təlim kursuna ölkənin bir çox aparıcı ali təhsil ocaqlarının nümayəndələri qatılıblar.