ELM VƏ TƏHSİL
ATMU-nun nümayəndələri “Turizmdə sahibkarlıq istiqaməti” mövzusunda təlimdə iştirak ediblər
Bakı, 21 aprel, AZƏRTAC
“Creative Spark” layihəsi çərçivəsində Böyük Britaniyanın Qrinviç Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əməkdaşları arasında “Turizmdə sahibkarlıq istiqaməti” mövzusunda onlayn təlim keçirilib.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, turizmdə sahibkarlıq sahəsi üzrə tədris metodologiyalarının tətbiqi, tələbə auditoriyasının təşviq edilməsi, müasir çağırışlar kimi mövzuları əhatə edən görüşdə Qrinviç Universitetinin müəllimi və tədqiqatçı Jithendran Kokkranikal məruzəçi kimi çıxış edib.
Təlimə ATMU-nun Turizm və qonaqpərvərlik, Biznes idarəçiliyi fakültələrindən doqquz akademik heyət qoşulub. Tədbirdə ATMU və UNEC nümayəndələri mövzu ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
Qeyd edək ki, ATMU Birləşmiş Krallığın dəstəyi ilə “British Council” tərəfindən maliyyələşdirilən bu proqrama 2021-ci ildə qoşulub. “Creative Spark” layihəsi çərçivəsində bu günədək ATMU-nun 25 tələbə və əməkdaşı “Learn English Select” onlayn dil kursundan yararlanıb. Hazırda 14 iştirakçı bu proqramı uğurla tamamlayaraq müxtəlif dil səviyyələri üzrə sertifikata layiq görülüb. Layihə çərçivəsində ATMU-nun tələbələri “Big Idea Challenge” müsabiqəsinə qoşulmağa, öz biznes təkliflərini və təşəbbüslərini təqdim etməyə imkan qazanıblar. Proqram çərçivəsində tələbələr üçün təlim keçirilməsi, eləcə də turizmdə sahibkarlıq və innovasiya sahəsində təhsil və əməkdaşlıq mövzusunda dəyirmi masanın təşkili nəzərdə tutulur.