ELM VƏ TƏHSİL


ATMU-nun prorektoru: müdafiə şuralarının yaradılması üçün Ali Attestasiya Komissiyasına müraciət göndərilib

Bakı, 15 oktyabr, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) elmyönümlü işlərin - məqalələrin, magistr, dissertasiya və kafedralar tərəfindən icrası nəzərdə tutulan elmi tədqiqatların təkmilləşdirilməsi məqsədilə Elmi Metodik Şuranın ilk təsis iclas keçirilib. Universitetin elm və inkişaf məsələləri üzrə prorektoru Anar Eminov bu ali təhsil ocağının fəaliyyəti tarixində ilk dəfə keçirilən iclasın məqsədi, məramı, əhəmiyyəti barədə fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşüb.

A.Eminov qeyd edib ki, hər bir tədris ocağında aparılan elmi araşdırmalar dəqiq və konkret isbatlara söykənməlidir. Bu isə həm elmi yenilik, həm də praktik əhəmiyyətə istinadlı tədqiqatlar tələb edir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Turizm Agentliyi fəaliyyətə başladığı ilk gündən etibarən ATMU üçün yeni hədəflər müəyyənləşdirib. Elm istiqamətli hədəflərdə əsas tələb yeniliklərin sənaye tutumlu olmasıdır. A.Eminov deyib: “Hesab edirəm ki, elmyönümlü araşdırmaların müzakirələrdən əvvəl rəy verilməsi üçün sənaye mərkəzlərinə göndərilməsi məqsədəuyğundur. Belə ki, bu proses məhz Elmi Metodik Şura tərəfindən tənzimlənəcək. Yəni, müvafiq sənaye mərkəzlərinin təyini yalnız həmin şuranın qərarından sonra dəqiqləşəcək. Həmçinin müsbət rəyli işlər şurada müzakirəyə çıxarılacaq. Problem ondadır ki, indiyədək ATMU-da müdafiə şuralarının olmamasına görə doktorantura pilləsində təhsil alan məzunlarımız vaxtında alimlik dərəcəsi ala bilmirlər. Belə ki, ATMU-nun elmi dərəcəli keyfiyyət göstəricisi əmsalının genişləndirilməsi prosesi tədricən ləngiyir. Onu da qeyd edim ki, doktorantlarımızın təxminən 60 faizi məhz universitetimizin məzun və əməkdaşlarıdır”.

Prorektor diqqətə çatdırıb ki, iclasın keçirilməsində əsas məqsədlərindən biri də məhz ATMU-nun elmi potensialının gücləndirilməsidir. İclasda şura üzvlərinin yekdil qərarına əsasən, iqtisad elmləri, sosiologiya və sənətşünaslıq istiqamətləri üzrə müdafiə şuralarının yaradılması üçün Ali Attestasiya Komissiyasına müraciət göndərilib. “Şura üzvlərinin yekdil rəyi bizə əsas verir ki, elmi tədqiqat işlərini xarici tərəfdaş universitetlərlə qarşılıqlı şəraitdə aparaq. İclasda, həmçinin nüfuzlu elmi nəşrlərdə dərc olunacaq sanballı elmi məqalə müəlliflərinin ATMU tərəfindən mükafatlandırılması təklifi müsbət qarşılanıb”, - deyə A.Eminov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.