ELM VƏ TƏHSİL
ATMU-nun tələbələri Özbəkistanda istehsalat təcrübəsi keçəcəklər
Bakı, 31 avqust, AZƏRTAC
Özbəkistan Respublikasının ölkəmizdəki səfiri Bahrom Aşrafxanov Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, ATMU-nun rektoru İlham Mədətov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musanın iştirak etdikləri görüşdə universitetin fəaliyyəti, tədris prosesi, beynəlxalq əlaqələr və digər məsələlər müzakirə olunub.
Bahrom Aşrafxanov 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbəni, o cümlədən müharibədən sonra görülən quruculuq işlərini və ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən proqramların əhəmiyyətini yüksək dəyərləndirib.
Görüşdə hər iki ölkənin turizm potensialı və turizm təhsili üzrə mümkün əməkdaşlıq imkanlarının genişləndirilməsi istəyi ifadə olunub. Rektor İlham Mədətov Özbəkistanda fəaliyyət göstərən turizm iaşə obyektlərində ATMU tələbələri üçün istehsalat təcrübələrinin təşkil edilməsində maraqlı olduğunu söyləyib. Görüşün sonunda İlham Mədətov və Bahrom Aşrafxanov təhsil sahəsində əlaqələrin daha da inkişaf edəcəyinə əminliklərini bildiriblər.
Qeyd edək ki, son illərdə ATMU ilə Özbəkistan Respublikasının ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları xeyli genişlənib. Belə ki, 2019-cu ildən ATMU ilə Özbəkistan Respublikasının Beynəlxalq İpək Yolu Universiteti, 2020–ci ildən isə Dövlət İqtisadiyyat Universiteti arasında yaranan əməkdaşlıq əlaqələri faydalı olub. Məhz Özbəkistan Respublikasının Dövlət İqtisadiyyat Universiteti ilə həyata keçirilən səmərəli əməkdaşlıq sayəsində Dövlət Turizm Agentliyinin nümayəndələri tərəfindən özbək tələbələri üçün ustad dərsləri təşkil edilib.