ELM VƏ TƏHSİL
ATMU-nun təşəbbüsü ilə yerli universitetlər arasında qabaqcıl təcrübələrin mübadiləsi istiqamətində müzakirələrə başlanılıb

Bakı, 9 aprel, AZƏRTAC
Ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələri arasında əməkdaşlığı genişləndirmək və qabaqcıl təcrübələrin mübadiləsi əsasında ali təhsildə innovasiyaları tətbiq etmək, keyfiyyət təminatı və institusional inkişafı təmin etmək məqsədilə Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə onlayn müzakirələrə başlayıb.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, bu müstəvidə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və ADA Universiteti ilə keçirilmiş seminarlar səmərəli şəkildə yekunlaşıb.
Belə ki, bu ilin fevral-mart aylarında ATMU və UNEC əməkdaşları arasında “Keyfiyyət təminatı sisteminin fəaliyyəti”, “Professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsi”, “Elektron kitabxana sistemi”, “Təhsilin elektron idarə edilməsi sistemlərinin tətbiqi”, “Təhsilin beynəlmiləlləşməsi və reytinqlərdə iştirak” mövzularına həsr olunmuş onlayn görüşlər təşkil olunub. ATMU-nun və UNEC-in rektorları İlham Mədətov və Ədalət Muradovun birgə razılığı ilə universitetlərin nümayəndələri ali təhsildə keyfiyyətin idarə edilməsi sahəsindəki təcrübələrini hərtərəfli öyrənmək imkanı əldə ediblər.
Həmçinin bu il martın 31-də “Blackboard Collaborate” tətbiqi üzərindən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin nümayəndəsinin də iştirakı ilə ADA Universitetinin və ATMU-nun əməkdaşları arasında təhsilin idarəedilməsi mövzusunda məlumatlandırma sessiyası aparılıb. İlk ali təhsil müəssisəsi ilə görüşlər zamanı müzakirə olunmuş mövzulara əlavə olaraq ADA Universitetinin nümayəndələri “ADA kampus mədəniyyətinin formalaşması və elementləri”, “Tədrisin ingilis dilində təşkili ilə bağlı təcrübə (qanunvericiliklə uzlaşma)” və “Fakültələrin idarəetmə sistemləri və idarəetmənin optimallaşması” sahələrində təcrübələrini və bu ali təhsil müəssisəsində aparılan islahatlar haqqında görüş iştirakçıları ilə ətraflı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, ATMU yerli universitetlər arasında qabaqcıl təcrübələrin mübadiləsi istiqamətində müzakirələrin ənənəyə çevrilməsini zəruri hesab edir və bu sahədə fəaliyyətləri davamlı olaraq dəstəkləyəcək.