CƏMİYYƏT


ATU Dünya Səhiyyə Təşkilatı ilə əlaqələrini genişləndirir

Bakı, 5 noyabr, AZƏRTAC

Dünya Səhiyyə Təşkilatının (DST) Azərbaycandakı ofisinin rəhbəri xanım Fatoş Hande Harmancının rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti ilə görüş zamanı ATU-nun rektoru, professor Gəray Gəraybəyli universitetlə DST arasında uzun illik əməkdaşlığın mövcud olduğunu bildirib. O, qeyd edib ki, hələ 10 il əvvəl Azərbaycanda Psixi sağlamlıq üzrə milli koordinator qismində DST ilə birgə işlər görülüb.

G.Gəraybəyli DST-nin Azərbaycan ofisinin rəhbərinin Türkiyə təmsilçisi olmasından məmnunluğunu qeyd edib və ATU-nun Türkiyənin ali məktəbləri ilə dostluq və qardaşlıq münasibətlərinə əsaslanan xüsusi əlaqələrinin mövcud olduğunu bildirib.

Rektor həmçinin ATU-nun tədris proqramında nəzərdə tutulan yenilik və islahatlar barədə qonağa məlumat verib: “Yaxın vaxtlarda bakalavr proqramı üzrə “tibb bacısı” və ictimai səhiyyə, fizioterapiya ixtisaslarının açılması nəzərdə tutulub. Bundan əlavə, tibb təhsili və ictimai səhiyyə ixtisaslarının təsis olunması üçün də işlər görülür. Tibbi təhsil istiqamətində ustad proqramı üzrə layihə hazırlanıb”.

G.Gəraybəyli qeyd dib ki, bu ildən etibarən ATU-da “Təhsilin keyfiyyətinin təminatı sistemi haqqında” bəyannamə imzalanıb və artıq ATU-nun müəllimlərinin peşə fəaliyyəti reytinq balları ilə qiymətləndirilir. Gələcəkdə qabaqcıl tədris prosesinə nail olmaq üçün tam müasir, praktik, tam elektronlaşdırılmış hibrid laboratoriyasının və müasir, kompüter zalları olan kitabxanaların yaradılması nəzərdə tutulur. G.Gəraybəyli bu və digər istiqamətdə DST ilə əməkdaşlığa şad olacağını bildirdi.

F.H.Harmancı Bakıda işə başladığı qısa müddət ərzində bir çox görüşlər keçirdiyini bildirdi. Lakin ixtisasca həkim olduğunu və Türkiyənin Marmara Universitetində 11 il professor kimi işlədiyini deyən xanım ATU ilə əlaqələrin güclənməsinə daha çox maraq göstərdiyini bildirib: “ Planlaşdırdığımız yeniliklərin bir qisminin tibb sahəsinə aid olması baxımından, bu, çox əhəmiyyətlidir. Bundan əvvəl Marmara Universitetində “Tibb təhsilinin keyfiyyətinin artırılması” üzrə 5 illik proqram icra etdik. Layihənin nəticəsi çox gözəl oldu. Ümid edirəm ki, ATU ilə də nümunəvi əməkdaşlığımız olacaq və sizin tələbələrə bacardığımız yardımı göstərə biləcəyik”.

Görüşdə hər iki qurumun əməkdaşları iştirak ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.