CƏMİYYƏT


ATU-nun Tədris Cərrahiyyə Klinikasında 6 yaşlı uşağın sınıq qoluna ayaqdan damar köçürülmüşdür

Bakı, 18 iyun (AZƏRTAC). Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında texniki baxımdan çox mürəkkəb olan mikrocərrahiyyə əməliyyatı sayəsində 6 yaşlı oğlanın qolu kəsilməkdən xilas edilmişdir.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 15-də Quba rayonundan olan 6 yaşlı Tanrıverdi Allahverdiyev yelləncəkdən yıxılmış və ağır vəziyyətdə Tədris Cərrahiyyə Klinikasına gətirilmişdir. Uşağın üzərində əməliyyat mikrocərrahiyyə sahəsində iki tanınmış mütəxəssis - ürək-damar mütəxəssisi Mirəli Məcidov və tibb elmləri namizədi Nəsir Cəfərli tərəfindən aparılmışdır.

Bundan sonra növbəti, daha ağır əməliyyat da lazım olmuşdur. Mirəli Məcidovun sözlərinə görə, uşaq ATU-nun Tədris Cərrahiyyə Klinikasına sol bazu kondilusunun qapalı sınığı diaqnozu ilə daxil olmuşdu. Əməliyyat zamanı sınıq sümük bərpa olundu. Lakin 5-6 saat sonra uşağın sol əlində nəbz itdi, işemiya əlamətləri başladı, sağ qolla müqayisədə sol qolda hərəkət çətinləşdi. Doppler müayinəsi zamanı məlum oldu ki, sol qolda qan yalnız dirsəyin ortasına kimi gedir, qan aşağı hissəyə işləmir. Damar trombozu uşağın qolunun kəsilməsi ilə nəticələnə bilərdi. Böyüklərdən fərqli olaraq uşaqların damarları incə, 2 mm qalınlığında olur. Adətən belə hallarda böyük xəstələrdə protezlərdən istifadə edilir. Uşaqlarda isə belə imkan olmur. Ona görə təcili olaraq uşağı yenidən əməliyyata götürdük.

Həkimlər bildirirlər ki, artıq balaca xəstənin nəbzi vurur. T.Allahverdiyev reanimasiyadan palataya köçürülmüşdür. Vəziyyəti qənaətbəxşdir, ağrıları da keçmək üzrədir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.