CƏMİYYƏT
ATU-nun Tədris Cərrahiyyə Klinikasında növbəti dəfə oftalmoloji əməliyyatlar ödənişsiz icra olunub
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə oftalmoloji əməliyyatlar ödənişsiz icra olunub. Əməliyyatları klinikanın oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov icra edib.
Bu barədə AZƏRTAC-a universitetin mətbuat xidmətindən məlumat verilib.
Q.İsmayılov tələbələr üçün atılan bu addımın davamlı olacağını bildirib: “Universitetin rektoru, professor Gəray Gəraybəylinin dəstəyi ilə burada təhsil alan müharibə veteranları, Qarabağ əlilləri, şəhid ailələri və valideyn himayəsindən məhrum olunmuş uşaqlar üçün Azərbaycan dövlətinin banisi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə oftalmologiya şöbəsində ödənişsiz ekzelmer lazer əməliyyatı icra etdik. Bu gün 26 tələbə üzərində cərrahi əməliyyat həyata keçirilib. Həmin əməliyyatlar refraksion anomaliyalar, miopiyalar, mürəkkəb miopik astiqmatlar və qarışıq astiqmatizm xəstəliyindən əziyyət çəkən tələbələr üzərində icra olunub”.
Qeyd edək ki, bu, artıq ikinci belə təşəbbüsdür. İlk ödənişsiz oftalmoloji əməliyyatlar görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunub.