CƏMİYYƏT


ATU-nun tibb profilaktika fakültəsinin I kurs tələbələri ilə tanışlıq görüşü keçirilib

Bakı, 13 sentyabr, AZƏRTAC

Azərbaycan Tibb Universitetində I kurs tələbələri ilə görüşlər çərçivəsində növbəti toplantı Tibbi profilaktika fakültəsində keçirilib. Dekanlıq nümayəndələrinin qatıldığı görüşdə I kurs tələbələri ilə yanaşı, onların valideynləri də iştirak ediblər.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, universitetin tibbi profilaktika fakültəsinin dekanı, dosent Anar Ağayev həkim olmaq istəyən gənclərə tibbi-profilaktika ixtisasının əsasları haqqında danışıb. Onun sözlərinə görə, bu sahə əhali arasında yoluxucu və qeyri-yoluxucu xəstəliklərin yaranma səbəbləri və mexanizmlərini, yayılmasının qanunauyğunluqlarını öyrənir, ətraf mühitdə mövcud risk amillərini və qruplarını, eləcə də risk zonalarını aşkar edərək, əhalinin sağlamlığının pozulmasının qarşısını alan, elmi cəhətdən əsaslandırılmış profilaktik tədbirlər sistemini işləyib hazırlayır. Bununla da insanların sağlamlığının qorunmasını, əmək qabiliyyətinin, həyat keyfiyyətinin yüksəldilməsini və ömrünün uzadılmasını təmin edir: “Tibbi profilaktika sahəsi ictimai sağlamlığın qorunmasında profilaktika prioritet xarakter daşımaqla, daha humanist tibbi fəaliyyət sahəsi hesab edilir. Tibbi-profilaktika fakültəsi məhz bu keyfiyyətlərə malik, dərin bilik və səmərəli bacarıqlara yiyələnmiş, ekoloji təhlükəsizliyi təmin edən həkimlər hazırlayır”.

ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev tələbələri təbrik edərək, tibbi profilaktika fakültəsinin ATU-nun önəmli fakültələrindən biri olduğunu qeyd edib: “Tibbi-profilaktika ixtisasını bitirən məzunlar rezidenturada təhsil alaraq mikrobiologiya, epidemiologiya, infeksion xəstəliklər, gigiyena, laboratoriya işi, və sosial gigiyena və səhiyyənin təşkili üzrə kadrlar hazırlanır”.

Sonra tələbələrin sualları cavablandırılıb, onlara ATU-daki dərs prosesi, təhsilin keyfiyyəti haqqında məlumatlar verilib.

Qeyd edək ki, bu il 77 nəfər ATU-nun Tibbi-profilaktika fakültəsinin tələbəsi adını qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.