SİYASƏT


A.Turçak: Uzun illərdir ki, biz azərbaycanlı həmkarlarımızla səmərəli qarşılıqlı fəaliyyət göstəririk

Moskva, 14 aprel, AZƏRTAC

Azərbaycan Cənubi Qafqazda əsas dövlətlərdən biridir. Azərbaycanla Rusiyanı bir-birinə bağlayan iqtisadi, tarixi və mədəni amillər çoxdur və bu əlaqələri də genişləndirmək üçün yaxşı perspektivlər var.

AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının vitse-spikeri Andrey Turçak bu fikri Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfərinin yekunlarını şərh edərkən söyləyib.

Federasiya Şurasının mətbuat xidməti Andrey Turçakın bu sözlərini sitat gətirir: “Uzun illərdir ki, biz azərbaycanlı həmkarlarımızla səmərəli qarşılıqlı fəaliyyət göstəririk”.

A.Turçak xatırladıb ki, 2001-ci ildə Rusiya Federal Məclisi ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında Saziş imzalanıb. Bu gün iki ölkənin parlamentlərinin əməkdaşlığı üzrə Parlamentlərarası komissiya həmin sənəd əsasında işləyir.

A.Turçak vurğulayıb ki, tərəflər regionlararası və beynəlxalq səviyyələrdə siyasi, iqtisadi və humanitar sahələrdə müntəzəm əsasda iş aparırlar.

Vitse-spiker bildirib ki, ikitərəfli və çoxtərəfli formatlarda daim qarşılıqlı əlaqə saxlanılır. Bu fəaliyyət, xüsusi halda, MDB iştirakçıları olan ölkələrin Parlamentlərarası İttifaqı və Parlamentlərarası Assambleyası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası məkanlarında həyata keçirilir.

Senator deyib: “Biz bu qarşılıqlı fəaliyyətin konkret nəticələrini görürük”. A.Turçak hesab edir ki, Moskva ilə Bakı arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi hər iki dövlətin xeyrinə olacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.