SİYASƏT
AVCİYA Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları ilə bağlı bəyanat yayıb
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları ilə bağlı bəyanat yayıb.
AVCİYA-dan AZƏRTAC-a bildiriblər ki, bəyanatda deyilir: “Sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli artilleriya atəşinə tutmasına cavab olaraq Azərbaycan özünümüdafiə hüququ çərçivəsində hərbi əməliyyatlara başlamaq məcburiyyətində qalıb və qısa müddətdə böyük uğurlar əldə edib.
Hazırda Azərbaycan xalqı 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalmış ərazilərimizin, bir sıra yaşayış məntəqələrinin işğaldan azad edilməsi və strateji yüksəkliklərin ələ keçirilərək nəzarətə götürülməsi sevincini yaşayır.
Bu gün Azərbaycan xalqı üçün tarixi məqam yetişib. Həmçinin ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, torpaqlarımızın son qarışınadək işğaldan azad olunması, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın dövlət suverenliyinin bərpası üçün münbit şərait yaranıb.
Bu gün hər bir Azərbaycan vətəndaşı, cəmiyyətimizin bütün siyasi və sosial təbəqələrinin nümayəndələri, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək Silahlı Qüvvələrimizin yanında olduğunu bildirir, Milli Ordumuza dəstəklərini ifadə edirlər.
Güclü həmrəylik nümayiş etdirən Azərbaycan xalqı qəhrəman və rəşadətli Ordumuzun yaxın zamanlarda torpaqlarımızı işğaldan tam azad edəcəyinə və zəfər bayramının yaxında olduğuna inanır.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası bildirir ki, tarixi həqiqətlər, beynəlxalq hüququn normaları, ədalət və gələcək nəsillər qarşısında mənəvi borc Azərbaycan tərəfindədir.
Biz torpaqlarımızın işğaldan tezliklə azad olunacağına əminliyimizi ifadə edir, Qələbəyə tezliklə nail olunması naminə dövlətimizə və Ordumuza hər cür dəstək verməyə hər an hazır olduğumuzu bildiririk.
Eşq olsun Azərbaycan Respublikasına! Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə! Qarabağ Azərbaycandır! Qələbə bizimlədir!”.