CƏMİYYƏT
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı maarifləndirmə tədbirlərinə başlayıb
Bakı, 15 noyabr, AZƏRTAC
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı 2019-cu ilin dekabrında keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri ilə əlaqədar özünün fəaliyyət proqramı əsasında işlərini təşkil edir.
AVCİYA-dan AZƏRTAC-a bildiriblər ki, assosiasiya bələdiyyə seçkiləri ilə bağlı fəaliyyət proqramına uyğun olaraq ilk mərhələdə aşağıdakı işləri həyata keçirib. Bələdiyyələrə aid beynəlxalq təcrübənin öyrənilməsi; bələdiyyə seçkilərinə aid qanunvericilik bankının yaradılması; Seçki Məcəlləsinə dəyişiklərlə bağlı tövsiyələrin hazırlanması; seçki öncəsi vəziyyətin monitorinqinin təşkili; broşür və bülletenlərin hazırlanması; seçki prosesi ilə məşğul olan beynəlxalq təşkilatlarla əlaqələrin yaradılması və əməkdaşlığın təşkili; seçkilərin monitorinqi ilə məşğul olan digər ölkələrin QHT-ləri ilə əməkdaşlığın genişləndirilməsi; AVCİYA Seçki Qərargahının fəaliyyəti ilə bağlı KİV-lərə mütəmadi məlumatlar verilməsi və s. Bundan başqa oktyabrın 3-də assosiasiya “Bələdiyyə seçkiləri: Yerli və beynəlxalq təcrübə” adlı konfrans keçirib.
Assosiasiya bu gündən fəaliyyət proqramına uyğun olaraq regionlarda seçici fəallığının artırılması üçün maarifləndirmə tədbirlərinə start verib. Regionlardakı tədbirlərdə professor Məhərrəm Zülfüqarlının rəhbərliyi ilə ekspertlər məruzələrlə çıxışlar edəcəklər.
Məlumat üçün qeyd edək ki, assosiasiya Azərbaycan Respublikasında 2004-cü ildən başlayaraq hazırkı dövrə qədər keçirilmiş bütün seçkilərin və referendumun monitorinqini təşkil edib. Seçkilərin şəffaf keçirilməsinə yardım etmək məqsədilə 2004–cü ildən bu günə kimi bir sira metodik vəsait və 16 kitabça nəşr etdirib. Assosiasiyanın hazırladığı sənədlər, Aralıq, Yekun hesabatlar və kitabların elektron variantları www.avciya.az saytında yerləşdirilib. Assosiasiya nümayəndələri Bolqarıstan, Gürcüstan, Belarus, Moldovada müxtəlif missiya tərkiblərində seçkiləri müşahidə ediblər. AVCİYA, həmçinin sıralarında 36 ölkənin nümayəndələrini birləşdirən Seçki Müşahidəçilərinin Dünya Şəbəkəsinin (World Network od Election Observers – www. worldelection.net) üzvüdür.