İDMAN


AVQUSTUN 21-DƏ YENİYETMƏLƏR ARASINDA BİRİNCİ OLİMPİYA OYUNLARINDA BEŞ AZƏRBAYCAN İDMANÇISI ÇIXIŞ EDƏCƏK

Bakı, 20 avqust (AZƏRTAC). Sinqapurda yeniyetmələr arasında birinci yay Olimpiya oyunları davam edir. Yarışlarda qitə və dünya birinciliklərində lisenziya qazanmış 14-18 yaşlı ən güclü idmançılar iştirak edirlər. Oyunların 3594 iştirakçısı idmanın 29 növündə gücünü sınayır.

Yeddi günün nəticələrinə görə, Azərbaycan yığmasının 5 qızıl və 1 gümüş medalı vardır.

Güləşçilərin yarışında birinci yerləri Murad Bazarov (42 kq, yunan-Roma güləşi), Elman Muxtarov (50 kq, yunan-Roma güləşi), Patimat Baqomedova (52 kq, qadın güləşi), Əli Maqomeddabirov (100 kq, sərbəst güləş) tutmuşlar, ağır atletika yarışlarında isə Nicat Rəhimov (69 kq) olimpiya çempionu olmuşdur. Gümüş medalı isə sərbəst güləşçimiz Kənan Quliyev (54 kq) qazanmışdır.

Avqustun 21-də Sinqapurda 48 kq, 51 kq və 57 kq çəki dərəcələrində boksçuların turnirində qaliblər müəyyən ediləcəklər. Yarışlarda Bakıda keçirilmiş dünya birinciliyinin qalibi Salman Əlizadə (48 kq) Məhd Həmid, Şaban Şahpələngov (52 kq) Xeşam Mahmud Əbdüləlili (Misir), Elvin İsayev (57 kq) monqolustanlı Anahd Daşdorda ilə görüşəcəklər.

Həmin gün 66 kiloqram çəki dərəcəsində cüdoçuların da yarışı keçiriləcəkdir. İdmanın bu növündə Azərbaycanı Cəlil Cəlilov təmsil edəcəkdir. Onun ilk rəqibi Andorradan olan idmançı Patrik Ferreyra Martins olacaqdır.

Azərbaycan kanoeçisi Radoslav Kutsevin rəqibləri ilk üzmədə Polşa, Qazaxıstan, Almaniya, Ukrayna, Braziliya, Xorvatiya, Moldova, Kanada, Rusiya, İngiltərə, Meksika, Çin, Kuba, Ermənistan və Rumıniya idmançıları olacaqlar. Radoslav Kutsev əvvəlcə 420 metr məsafəyə bir yerli kanoe ilə çıxacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.