Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AVRASİYA DÖVLƏTLƏRİ BEŞİNCİ İQTİSADİ SAMMİTİNİN İŞTİRAKÇILARINA

Hörmətli Sammit iştirakçıları! 

Sizi – Avrasiya dövlətləri Beşinci İqtisadi Zirvə Toplantısının bütün iştirakçılarını səmimiyyətlə salamlayır və toplantının işinə uğurlar diləyirəm.

1998-ci ildən başlayaraq, yaxşı ənənə halını almış Avrasiya İqtisadi Zirvə Toplantıları Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşəbbüsü və Türkiyə hökumətinin bilavasitə dəstəyi, iştirakı ilə keçirilir. Türkdilli ölkələrin, Avropa və Asiyanın bəzi dövlətlərinin hökumət və qeyri-dövlət təşkilatları nümayəndələrinin iştirak etdiyi bu tədbirlər regionun iqtisadi və mədəni inteqrasiya proseslərində, xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında Türkiyə Cümhuriyyətinin oynadığı önəmli rolun bariz nümunəsidir.

Sürətlə dəyişən və dinamik inkişaf edən bugünkü dünyamızda ayrı-ayrı dövlətlərin və xalqların dinc həyatı, iqtisadi və mədəni inkişafı, təhlükəsizlik maraqları qarşılıqlı hörmətə əsaslanan dövlətlərarası münasibətlərin qurulmasını, ən müxtəlif sahələrdə əməkdaşlığın, humanitar əlaqələrin təmin edilməsini, münaqişələrin, terrorun, təcavüzkar separatizmin aradan qaldırılmasını tələb edir. Bütün tərəqqipərvər bəşəriyyətin insanları bir-birindən ayıran, onların arasında nifaq və düşmənçilik yaradan hallara qarşı genişmiqyaslı mübarizəyə qalxdığı bir zamanda bu problemlərin işgüzar müzakirəsi mühüm əhəmiyyət kəsb edir. Ümid edirəm ki, yüksək vəzifəli şəxslərin, nüfuzlu iqtisadi və elmi dairələrin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən bu mötəbər tədbir dövlətlər və xalqlar arasında hərtərəfli faydalı münasibətlərin inkişafı üçün yeni imkanların araşdırılması, səmərəli tövsiyələrin hazırlanması işinə sanballı töhfə verəcəkdir.

Məmnuniyyət hissi ilə qeyd edirəm ki, regionda əməkdaşlıq sahəsində əsas istiqamətlər üzrə qürur doğura biləcək nailiyyətlər əldə edilib, son dərəcə cəsarətli və nəhəng iqtisadi-enerji layihələri gerçəkləşdirilir. Bir neçə gün əvvəl biz Gürcüstan və Türkiyə prezidentləri, ABŞ-ın yüksək vəzifəli şəxsləri ilə birlikdə böyük inadla həyata keçirdiyimiz və səbirsizliklə gözlədiyimiz Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin təməlqoyma mərasimində iştirak etdik. Şübhə etmirik ki, bu qlobal layihə regionun iqtisadi və sosial simasının dəyişməsində, bölgə ölkələri və xalqlarının rifah halının yaxşılaşmasında, iqtisadi təhlükəsizliyin təmin olunmasında, humanitar- mədəni əlaqələrin inkişafında misilsiz rol oynayacaqdır. Bu gün biz digər region dövlətləri ilə birgə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilib istifadəyə verilməsi, “Böyük İpək Yolu” adlanan Avrasiya nəqliyyat-kommunikasiya dəhlizinin bərpası istiqamətində də yüksək əzm və qətiyyətlə çalışırıq. Bütün bu işlərdə qarşıya qoyduğumuz əsas məqsəd və amal yalnız region ölkələrinin və xalqlarının rifahı, təhlükəsizliyi və çiçəklənməsindən ibarətdir.

Bir daha toplantının işinə uğurlar diləyir və inanıram ki, onun qəbul etdiyi qərarlar regional və beynəlxalq əməkdaşlığa öz müsbət təsirini göstərəcəkdir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 sentyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin