DÜNYA
AVROPA ALİMLƏRİ METALLARIN ATOMLARINI TOPLAYIB DAŞIMAĞA QADİR MOLEKUL YARATMIŞLAR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Avropa alimləri metalların atomlarını toplayıb daşımağa qadir altıbuynuzcuqlu süni molekul yaratmışlar. “Tozsoran” adlandırılan molekul nanotexnologiyaların köməyi ilə yeni nəsil hesablama texnikası və kompozit materiallar yaratmaq üçün ağlasığmaz imkanlar açır. Bu barədə Fransanın ən iri “Syans e Vi” aylıq elmi jurnalının son nömrəsində yazılmışdır.
Tuluzadakı metalların öyərənilməsi və struktur tədqiqatlar Mərkəzinin Berlindəki Eksperimental Fizika İnstitutu ilə birlikdə hazırladığı molekulun perimetri boyu yerləşən altı buynuzcuğunun metal atomları ələ keçirmək qabiliyyəti var. Molekul son dərəcə mütəhərrikdir və atom yükü ilə birlikdə yönəldildiyi müxtəlif səthlərdə sürüşə bilir, istənilən nöqtəyə çatıb atomu lazımi yerə bərkidir.
Alimlər təcrübə zamanı bu daşıyıcının köməyi ilə bir atom enində uzun xətt düzə bilmişlər. Bu manipulyasiyanı bizə məlum olan bütün metallarla etmək olar.