SİYASƏT
AVROPA AZƏRBAYCANLILARI KONQRESİ AZƏRBAYCAN NAMİNƏ BİRLƏŞMƏYƏ ÇAĞIRIR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Avropa Azərbaycanlıları Konqresinin sədri Bahəddin Kaya 20 Yanvar faciəsinin 15-ci ildönümü ilə əlaqədar dünya azərbaycanlılarına müraciət qəbul etmişdir.
Müraciətdə xalqımızın 15 il əvvəl sovet imperiyası tərəfindən siyasi-mənəvi terrora məruz qalması qətiyyətlə pislənmiş, bu hadisə xalqımızın azadlıq, müstəqillik ideallarına sədaqətinin, soydaşlarımızın vətəndaş qeyrətindən və vətənpərvərlikdən doğan cəsarətinin sübutu kimi vurğulanmışdır. Sənəddə deyilir ki, tarixi sınaq anlarında hər zaman xalqına dayaq olmuş ümummilli liderimiz Heydər Əliyevin 20 Yanvar qırğını ilə bağlı həmvətənlərimizin siyasi iradəsini dünya ictimaiyyətinə nümayiş etdirən bəyanatı Azərbaycanın haqq səsinin beynəlxalq aləmə çatdırılmasında əvəzsiz rol oynamışdır. Dünya azərbaycanlılarının bir millət kimi mütəşəkkilliyinə təkan vermiş bu bəyanat, milli birlik və həmrəyliyimizin təzahürü kimi tarixdə qalacaqdır.
Müraciətin sonunda dünya azərbaycanlıları bir daha vahid ideya və müqəddəs Vətən - Azərbaycan naminə birləşməyə, bütün dünya xalqlarına örnək olacaq mənəvi-siyasi həmrəylik nümayiş etdirməyə çağırılmışdır.