İDMAN
AVROPA ÇEMPİONATINDA İŞTİRAK EDƏCƏK GÜLƏŞÇİLƏRİMİZİN ADLARI AÇIQLANDI
AZƏRTAC xəbər verir ki, aprelin 15-də baş məşqçilər bu yarışlarda ölkəmizin idman şərəfini qoruyacaq pəhləvanların adlarını açıqlamışlar. Zuğulba qəsəbəsindəki “Gənclik” Beynəlxalq İstirahət Mərkəzində təlim-məşq toplanışında iştirak edən sərbəst güləş üzrə yığma komandanın heyətində Namiq Abdullayev (55 kq), Vüsal Əliyev (60 kq), Elman Əsgərov (66 kq), Emin Əzizov (66 kq), Elnur Aslanov (74 kq), Eldar Atakişiyev (96 kq) və Xızır Durqayev (120 kq) təmsil olunurlar.
Tofiq Bəhramov adına Respublika Stadionunun güləş zalında təlim-məşq keçən yunan-Roma güləşi üzrə yığmamıza isə Rövşən Bayramov (55 kq), Fuad Əliyev (60 kq), Vitali Rəhimov (60 kq), Elbrus Məmmədov (66 kq), Elvin Mürsəliyev (74 kq) və Cəlal Bahadurov (96 kq) daxildirlər.
Sərbəst güləş üzrə komandanın baş məşqçisi Aslan Ağayev yarışlaradək hazırlıq prosesini Kiyev şəhərində Ukrayna yığması ilə birgə davam etdirəcəkdir. Komandamız aprelin 16-da bu ölkəyə yola düşəcəkdir. Baş məşqçi Elçin Cəfərovun yetirmələri isə təlim-məşqləri sonadək Bakıda keçirəcək və aprelin 22-də Moskvaya yola düşəcəklər.