İDMAN
AVROPA ÇEMPİONATI-2008 UEFA ÜÇÜN MALİYYƏ UĞURU OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) üçün yenicə başa çatmış futbol üzrə 13-cü Avropa çempionatı maliyyə baxımından uğurlu keçmişdir. Təşkilat media hüquqlarının satışı (800 milyon avro), sponsorlara verilən lisenziyalar (370 milyon avro) və bilet satışından (91 milyon avro) ümumilikdə 1,3 milyard avro gəlir götürmüşdür. Bu, 2004-cü ildə Portuqaliyada keçirilmiş çempionatla müqayisədə 728 milyon avro və ya 56 faiz çoxdur.
Gəlirlərlə bərabər UEFA-nın çempionatla bağlı məsrəfləri də 313 milyon avro artaraq 618 milyon avro təşkil etmişdir. UEFA-nın hesabında qalan 700 milyon avrodan ibarət təmiz gəlirin bir hissəsi (184 milyon avro) çempionatın yekun mərhələsində iştirak edən yığma komandalar arasında bölünmüşdür. Bu bölgüdə ən böyük hissə hazırkı Avropa çempionunun payına düşmüşdür: 22 milyon avro. İkinci yeri tutan Almaniya millisi isə “cəmi” 19 milyon avro ilə kifayətlənməli olmuşdur.
UEFA tarixində ilk dəfə olaraq yığma komandalarla yanaşı, klub komandaları da Avropa çempionatından birbaşa gəlir götürmək imkanı əldə etmişlər. UEFA və Avropa Klublar Birliyi (ECA) arasında imzalanmış razılaşmaya əsasən, oyunçusu Avropa çempionatının yekun mərhələsində iştirak edən hər bir Avropa klubuna gündəlik 4 min avro rüsum ödənilmişdir. Bu razılaşmadan ən böyük qazanc Almaniya Bundesliqasına qısmət olmuşdur. Müxtəlif Avropa ölkələrinin milli komandalarının köynəyini geyən 57 futbolçu eyni zamanda Bundesliqada oynayır və UEFA həmin alman futbol klublarına bu səbəbdən 6,13 milyon avro köçürmüşdür.
UEFA gəlirlərin bir hissəsini təşkilata üzv olan 53 ölkədə futbolun inkişafı üçün həyata keçiriləcək layihələrə sərf edəcəkdir.