İDMAN
AVROPA FUTBOL ÇEMPİONATININ TALİSMANI MƏLUMDUR
Kinaşın ibrətamiz tarixçəsi var. Deyilənə görə, bu şən, gülərüz oğlan Portuqaliyanın ucqar bir yerində anadan olmuşdur. Dünyaya göz açdığı andan Allahdan Kinaşa vergi verilmişdi ki, bu da ona ötən illərin və bu günlərin ən məşhur futbolçularının ustalığını əxz etmək imkanı yaratmışdı. Bu qeyri-adi istedad onda hələ uşaq yaşlarından özünü büruzə verməyə başlamışdı - Kinaş futbol topundan bir an belə ayrılmır və mürəkkəb hərəkətlərlə dostlarını heyran qoyurdu. O, Portuqaliyanın əfsanəvi futbolçuları Eysebio və Luiş Fiqunun fərdi ustalığına pərəstiş edir, lakin komandada oynamaq, sırf idman marağından ruhlanıb qələbəyə can atmaq ona sonsuz zövq verir. Qeyri-adi bacarığı Kinaşın başını gicəlləndirməmişdir, o, əvvəllər olduğu kimi, indi də gecə-gündüz yorulmaq bilmədən çalışır, məşqlərdə böyük səy göstərir.
Kinaş musiqini, şən bayramları və dost-tanışları ilə əylənməyi sevir, onun mehribanlığı və çılğınlığı isə yanındakıların hər birinə istər-istəməz sirayət edir. Məhz bütün bu xüsusiyyətlərinə görə Kinaş 2004-cü il Avropa çempionatının talismanı seçilmişdir.