İQTİSADİYYAT
AVROPA İTTİFAQI AZƏRBAYCANA TASİS PROQRAMI ÜZRƏ HƏR İL 7 MİLYON AVRO AYIRACAQDIR
Azərbaycanda TASİS proqramının həyata keçirilməsindən əsas məqsəd ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasını dəstəkləməkdir. Bu barədə Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında bəyan edilmişdir.
Avropa Birliyi ilə ölkəmiz arasında əməkdaşlıq və tərəfdaşlıq layihəsinin rəhbəri Henrik Helzler xatırlatmışdır ki, AB ilə Azərbaycan arasında əməkdaşlıq haqqında sənəd 1996-cı ildə imzalanmış və 1999-cu il iyulun 1-də qüvvəyə minmişdir.
Nazirlər Kabineti aparatının yenidən qurulması və yenidən təşkili üzrə layihələrin həyata keçirilməsi, mülki xidmət sahəsində əmək haqqının iqtisadi strategiyasının və siyasətinin hazırlanması, hüquq və məhkəmə sistemlərinin yenidən qurulması və onlarda islahatlar aparılması 2002-2003-cü illərdə əməkdaşlığın öncül istiqamətlərini təşkil edəcəkdir. Özəl sektoru dəstəkləmək və iqtisadi əməkdaşlığa kömək etmək, kənd kredit müəssisələrini, kiçik və orta sahibkarlığı, qiymətli kağızlar bazarını daha da inkişaf etdirmək üçün beynəlxalq mühasibat standartları proqramlarının tətbiqi və bir sıra digər layihələr həyata keçiriləcəkdir.
AB həmin proqramları həyata keçirmək üçün Azərbaycana hər il 7 milyon avro ayıracaqdır.