İQTİSADİYYAT
AVROPA-QAFQAZ-ASİYA NƏQLİYYAT DƏHLİZİ ÜZRƏ AZƏRBAYCANDA MÜHÜM İŞLƏR GÖRÜLMÜŞDÜR
AZƏRTAC müxbirinin sualına Hökumətlərarası Komissiyanın Azərbaycan üzrə milli katibi Akif Mustafayev belə cavab vermişdir:
-Avropa-Qafqaz-Asiya magistralının Azərbaycandan keçən hissəsində nəqliyyat infrastrukturunun inkişafı üçün çox iş görülmüşdür. Avropa Komissiyasının maliyyələşdirdiyi bir sıra texniki və investisiya layihələri həyata keçirilmişdir. Bakı Beynəlxalq Dəniz Limanında Konteyner terminalı tikilmiş və yenidən qurulmuşdur. Poylu stansiyası yaxınlığında Kür çayı üzərindən dəmir yolu körpüsü salınmışdır. Bakıdan Gürcüstanla sərhəddəki Böyük Kəsik stansiyasınadək dəmir yolu boyunca 503 kilometr uzunluğunda optik rabitə xətti çəkilmişdir. Neft və neft məhsullarını daşımaq üçün vaqon-sisternlər, Bakı Dəniz Limanı üçün naviqasiya avadanlığı alınmışdır.
Bütün bu işlər TRASEKA layihələri əsasında, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Küveyt Fondunun və digər maliyyə qurumlarının kreditləri hesabına görülmüşdür. Biz ilk növbədə Avropa Komissiyasına və adlarını sadaladığım maliyyə qurumlarına təşəkkürümüzü bildiririk.
Onu da deyim ki, ölkəmizdə bütün tranzit yüklər əlavə dəyər vergisindən azad edilmiş, Azərbaycan ərazisindən dəmir yolu ilə belə yüklərin güzəştli şərtlətlə daşınmasına ciddi əməl edilir. Bu daşımaların haqqı 50 faiz aşağı salınmışdır. Bakı beynəlxalq Dəniz Limanında rüsumlar Xəzər və Qara dənizdəki digər limanlarla müqayisədə 3-4 dəfə aşağıdır.