SİYASƏT


AVROPA ŞURASINDA GÖRÜŞ

Azərbaycan Respublikasının Avropa Şurası yanında diplomatik nümayəndəliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, milli siyasət məsələləri üzrə dövlət müşaviri Hidayət Orucov AŞ-də bir sıra görüşlər keçirmişdir. H.Orucov AŞ-nin Baş katibi V.Şvimmer ilə görüşündə Prezident Heydər Əliyevin səmimi salamlarını ona çatdırmış, Azərbaycan hökumətinin milli siyasətinin istiqamətləri, ölkəmizin bu nüfuzlu təşkilat qarşısında götürdüyü öhdəlikləri uğurla yerinə yetirməsi, Ermənistanın hərbi təcavüzü nəticəsində öz doğma ocaqlarını tərk edərək, əksəriyyəti çadır düşərgələrində məskunlaşmış qaçqın və məcburi köçkünlər arasında milli azlıqların da nümayəndələrinin olması, habelə respublikamıza pənah gətirmiş məshəti türklərinin vəziyyəti barədə məlumat vermişdir.

Cənab V.Şvimmer özünün səmimi salamlarını Prezident Heydər Əliyevə çatdırmağı xahiş etmiş, AŞ-nin milli azlıqlar probleminə xüsusi əhəmiyyət verdiyini vurğulayaraq, Azərbaycan dövlətinin milli azlıqların hüquqlarının qorunması sahəsində gördüyü tədbirləri yüksək qiymətləndirmiş, qaçqın və məcburi köçkünlərə ayrılan humanitar yardımın azaldılmasından ciddi narahat olduğunu bildirmişdir. Baş katib Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllində Minsk qrupuna dəstək verəcəyini və bu işdə öz imkanlarından istifadə edəcəyini söyləmişdir.

H.Orucov AŞPA-nın baş katibi B.Haller, AŞ Katibliyinin insan hüquqları üzrə baş direktoru P.Əmber, yerli və regional demokratiya üzrə direktoru F.Bleyr, irqçilik və ayrı-seckiliyə qarşı Avropa Komissiyanın icraçı katibi İ.Gaşhet ilə keçirdiyi görüşlərdə əsas diqqəti Ermənistanın Azərbaycana hərbi təcavüzünün acı nəticələrinə yönəltmiş, ölkəmizdə milli azlıqların mədəniyyətinin və mədəni irslərinin qorunmasına göstərilən qayğını xüsusi vurğulamışdır.

Dövlət müşaviri AŞ-nin müvafiq strukturları nümayəndələrinin iştirakı ilə keçirilən və “Azərbaycanda milli azlıqlar: gerçəklik və perspektivlər” mövzusuna həsr olunmuş “dəyirmi masa”da məruzə etmişdir. H.Orucov Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları ilə başladığı hərbi təcavüzdən və bunun ağır nəticələrindən danışarkən belə bir faktı da vurğulamışdır ki, Ermənistandan zorla çıxarılmış 250 minədək azərbaycanlı, 18 min kürd, rus və başqa xalqların nümayəndələri Azərbaycana pənah gətirmişlər.

“Dəyirmi masa”da Azərbaycanda milli azlıqların vəziyyətinin normal, nümunəvi olduğu vurğulanmışdır.

Daha sonra dövlət müşaviri iştirakçıların suallarına cavab vermişdir.

H.Orucov İsrailin Strasburqdakı fəxri konsolu, Dünya Yəhudi Konqresinin Avropa üzrə təmsilçisi G.Ross ilə də görüşmüşdür. Söhbət zamanı Strasburqda və Azərbaycanda yaşayan yəhudi icmaları arasında əlaqələrin qurulması məsələsi müzakirə edilmişdir. Ölkəmizdə yəhudi mədəniyyəti və dilinin qorunması məsələsi ilə maraqlanan G.Ross Azərbaycan hökumətinin yəhudi icmasına göstərdiyi qayğıya görə minnətdarlığını bildirmiş və respublikamızın ünvanına xoş sözlər söyləmişdir.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.