MƏDƏNİYYƏT


AVROPA ŞURASINDA MƏDƏNİYYƏT MƏSƏLƏLƏRİ İLƏ BAĞLI KOLLOKVİUM KEÇİRİLMİŞDİR

Fevralın 17-18-də Strasburqda Avropa Şurası bu qurumun mədəniyyət nazirləri üçün “Mədəniyyətlərarası dialoqun həyata keçirilməsində mədəniyyət nazirlərinin yeni rolu və vəzifələri” mövzusunda kollokvium keçirmişdir.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, tədbirdə 55 ölkənin mədəniyyət nazirləri, yüksək rütbəli məmurları, həmçinin çoxsaylı beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər. Ölkəmizi tədbirdə mədəniyyət naziri Polad Bülbüloğlu təmsil etmişdir.

Kollokviumda mədəniyyətlərarası münaqişələrin qarşısının alınması, mədəniyyətlərarası dialoq, mədəni rəngarənglik məsələləri ətrafında fikir mübadiləsi aparmış, bu sahədə mədəniyyət nazirlərinin rolu və vəzifələri müzakirə edilmişdir.

“Mədəniyyətlərarası münaqişələrin qarşısının alınması və mədəniyyətlərarası dialoq” adlı bəyanat layihəsinin müzakirələrində P.Bülbüloğlu çıxış edərək bu ilin oktyabr ayında keçiriləcək növbəti toplantıda qəbul olunacaq bəyanatla əlaqədar konkret təkliflər vermiş, bu məsələyə ciddi yanaşan ölkəmizin zəngin təcrübəyə malik olduğunu xüsusi vurğulamışdır.

Fevralın 18-də günün ikinci yarısındakı iclasa sədrlik etmiş P.Bülbüloğlu Ermənistan-Azərbaycan, gürcü-abxaz, Kipr, İsrail-Fələstin kimi regional münaqişələrin həllində mədəniyyətin xüsusi rolundan danışmış, milli mədəni sərvətlərin məhv olunmasının qarşısının alınması zəruriyyətini diqqətə çatdırmış, xalqların etnik baxımdan bir araya sığmaması barədə bəzi ölkələr tərəfindən verilmiş bəyanatların ciddi təhlükə doğurduğunu açıqlamış, Avropa Şurasını Azərbaycanın “Avropa-Qafqaz-Asiya” adlı mədəni dəhliz layihəsində iştirak etməyə çağırmışdır.

Mədəniyyət naziri Norveç, Sloveniya, Türkiyə, Rusiya, Avstriya, Ukrayna, Moldova və digər ölkələrin nazirləri ilə keçirdiyi görüşlərdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmiş, Avropa Şurası Katibliyinin yüksək məmurları ilə söhbətlərində isə Azərbaycan və Avropa Şurası arasında həyata keçirilən layihələr və gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılmışdır.

Tədbirlərdə və görüşlərdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev iştirak etmişdir.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.