SİYASƏT


AVROPA ŞURASINDA XEYRİYYƏ YARMARKASI KEÇİRİLMİŞDİR

Azərbaycanın Avropa Şurası yanında daimi numayəndəliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, noyabrın 22-də Strasburqda Avropa Şurasının iqamətgahında bu qurumun Baş katibi Valter Şvimmerin himayəsi altında "Amicale femme" ("Səmimi qadınlar") təşkilatı tərəfindən əlil, kimsəsiz və çətin şəraitdə yaşayan uşaqlara yardım məqsədi ilə ənənəvi xeyriyyə yarmarkası keçirilmişdir.

Yarmarkada toplanan vəsaitin bir qisminin Saatlı rayonunda məskunlaşmış Füzuli və Cəbrayıl rayonlarından olan məcburi köçkün uşaqlarının təhsil aldıqları məktəblərin abadlaşdırılmasına ayrılması nəzərdə tutulmuşdur.

Qeyd etmək lazımdır ki, bu təşkilat son iki ildə Azərbaycana 8500 avro məbləğində vəsait ayırmış və həmin vəsaitə Saatlı bölgəsində yerləşən 3 məktəb üçun tədris ləvazimatı alınmış, məktəblərdə təmir işləri aparılmışdır.

Yarmarkada daimi nümayəndəliyin yaxından köməyi ilə Strasburqda yaşayan soydaşlarımız və burada təhsil alan tələbələrimiz ölkəmizə məxsus stend də təşkil etmişdir. Azərbaycan bayraqları, respublikamızı tərənnüm edən şəkil və müxtəlif əşyalarla bəzədilmiş stendə tamaşa edənlərə milli mətbəximizin nümunələri, şirniyyat məmulatı və ölkəmizdən gətirilmiş xatirə hədiyyələri təklif edilmişdir. Milli musiqimizin sədaları altında ifa olunan rəqslərimiz yarmarkaya gələnlərin hədsiz marağına səbəb olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.