SİYASƏT
AVROPA ŞURASININ MÜŞAHİDƏ MİSSİYASI APRELİN 26-DA AZƏRBAYCANA GƏLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, ölkəmizdə mayın 13-də keçiriləcək təkrar parlament seçkilərini izləyəcək Avropa Şurasının müşahidə missiyası aprelin 26-da Azərbaycana gələcəkdir. Missiya seçkilərlə bağlı ilkin müşahidələr aparacaqdır.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun sözlərinə görə, müşahidə qrupunun tərkibində dəyişiklik edilmişdir. Missiyaya Leo Platvoet rəhbərlik edəcəkdir. Andreas Qross və Andres Herkel missiyanın tərkibində olmayacaqlar.
S.Seyidov onu da bildirmişdir ki, missiyanın tərkibində kimin olması Azərbaycan üçün əhəmiyyət kəsb etmir. Azərbaycan seçkiləri izləyəcək şəxslərin obyektiv mövqe nümayiş etdirmələrində maraqlıdır.
Missiya seçkilərdən sonra AŞPA-ya ilkin hesabat təqdim edəcəkdir. Seçkilərin ümumi nəticələri isə AŞPA-nın iyun sessiyasında müzakirə olunacaqdır.