AVROPA ŞURASI ERMƏNİSTANDA PLÜRALİZMİN POZULMASINDAN NARAHATDIR
AzerTAg.az
AZƏRTAC Avropa Şurasının mətbuat üçün məlumatına istinadla xəbər verir ki, bu təşkilatın baş katibi Valter Şvimmer Ermənistanın Televiziya və Radio Verilişləri Milli Komissiyasının iki müstəqil teleşirkətə - A+ və Noyan Tapan teleşirkətlərinə lisenziyalar verilməməsi barədə qərarından məyus və narahat olduğunu bildirmişdir.
Valter Şvimmerin bəyanatında deyilir: “Təəssüf ki, bu qərar Ermənistanda plüralizmə böyük hörmətsizlik nümunəsidir və bu, artıq bir neçə aydır, xüsusilə də sonuncu seçki kampaniyası dövründən bizi narahat edir”.
Avropa Şurası baş katibinin sözlərinə görə, müstəqil teleradio verilişləri Ermənistanda söz azadlığının mühüm elementi ola bilərdi, lakin hər şeydən göründüyü kimi, onun qarşısında ciddi maneələr peyda olmuşdur. Valter Şvimmer bununla əlaqədar ATƏT-in nümayəndəsi Freymut Duvyenin bu yaxınlardakı bəyanatını dəstəkləyərək, əlavə etmişdir ki, əgər bu ölkənin rəhbərliyi Avropaya inteqrasiya olunmaq istəyirsə, müxtəlif fikirlərin mətbuat vasitəsi ilə sərbəst ifadəsi üçün hər cür şərait yaratmağın vaxtı çoxdan gəlib çatmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var