SİYASƏT


AVROPA ŞURASI ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNƏ KÖMƏK GÖSTƏRMƏLİDİR

Xəbər verdiyimiz kimi, yanvarın 14-də Parisdə Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin növbəti iclası keçirilmişdir. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri, Milli Məclisin deputatları Səməd Seyidov, Nairə Şahtaxtinskaya, Bəxtiyar Əliyev və Asim Mollazadə iclasda iştirak etmişlər. 

İclasda Gürcüstanın Pankisi dərəsində vəziyyət, Bosniya və Herseqovina üzrə məruzəçilərin təyin edilməsi və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.

Yanvarın 15-də AŞPA-nın Siyasi Komitəsinin iclasında isə gündəliyə Avropa İttifaqının Konstitusiyasının yaradılması prosesində Avropa Şurasının iştirakı, Çeçenistanda və Gürcüstanda vəziyyət, BMT ilə əlaqələrin inkişafı məsələləri daxil edilmişdi.

Gürcüstandakı vəziyyət ilə bağlı məsələ qızğın müzakirəyə səbəb olmuşdur. Gürcüstanlı deputat Abxaziyada gedən proseslər barədə məlumat verərək bildirmişdir ki, bu regionda yaşayan gürcülərə Rusiya Federasiyasının pasportlarının verilməsi bölgəni yeni təhlükə qarşısında qoya bilər. O, bu məsələnin tezliklə AŞPA-nın sessiyalarının birində müzakirəyə çıxarılması təklifini irəli sürmüşdür.

Azərbaycanlı deputat Səməd Seyidov həmin məsələ ilə bağlı çıxışında Abxaziyadakı proseslərin Gürcüstanın ərazi bütövlüyünü şübhə altına almaq məqsədi daşıdığını qeyd etmiş, bunu pisləmiş, dost ölkənin ərazi toxunulmazlığını dəstəkləyərək bu məsələni daim nəzarətdə saxlamağı təklif etmişdir.

Deputat Səməd Seyidov Cənubi Qafqazdakı problemlərə toxunaraq bildirmişdir ki, əgər Avropa Şurası Abxaziyada yaranmış vəziyyəti öyrənməyi qarşısına məqsəd qoyursa, ilk növbədə, daha mühüm olan və hamını narahat edən Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərməlidir. Çünki bölgədə sülhün bərqərar olması Dağlıq Qarabağ probleminin birdəfəlik həlli ilə bağlıdır. O, xatırlatmışdır ki, Azərbaycan nümayəndə heyətinin təkidi ilə bu məsələ vaxtilə AŞPA-nın gündəliyinə salınmış, hətta məruzəçi də təyin olunmuşdu. Amma nədənsə onun müzakirəsi gecikdirilir və məruzəçinin bu sahədəki fəaliyyəti nəzərə çarpmır. Azərbaycan nümayəndə heyətinin üzvü Avropa Şurası Siyasi Komitəsinin iclaslarından birinin Azərbaycanda və Ermənistanda keçirilməsi barədə çıxardığı qərarın yerinə yetirilmədiyini də açıqlamışdır.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin digər üzvü Asim Mollazadə çıxışında Rusiyanın hərbi bazalarını Gürcüstandan çıxararaq Ermənistanda yerləşdirilməsinin Cənubi Qafqazda hərbi tarazlığa mənfi təsir etdiyini və təhlükə yaratdığını bildirmişdir. “Hizbullah” və ”Əl-Qaidə” terrorçularının Ermənistan pasportu ilə Azərbaycanın işğal olunmuş ərazilərində təlim keçdiklərini, onların Avropada və dünyanın digər ölkələrində terror aktları törətmək ehtimallarını nəzərə çarpdıran Asim Mollazadə bunun bəşəriyyət üçün ciddi təhlükə olduğunu xüsusi vurğulamış, bu məsələ ilə əlaqədar müzakirələrin keçirilməsi barədə təklif vermişdir.

İclasda Dağlıq Qarabağ üzrə məruzəçi Terri Devisin münaqişə bölgəsinə səfərindən sonra bu il Komitənin Ermənistanda və Azərbaycanda yığıncağının keçirilməsi qərara alınmışdır.

Azərbaycanlı deputatlar iclasdan sonra Terri Devislə səmimi söhbət etmişlər. Məruzəçi bu ilin fevralında Ermənistanda keçiriləcək prezident seçkilərindən sonra Yerevana, Bakıya və Dağlıq Qarabağa səfər edəcəyini bildirmişdir.

Əsgər Əliyev

AZƏRTAC –ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.