SİYASƏT
AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİNİN SƏDRİ AZƏRBAYCAN PREZİDENTİNİN ƏFV FƏRMANINI YÜKSƏK QİYMƏTLƏNDİRMİŞDİR
Hesabat məruzəsi ilə çıxış edən Nazirlər Komitəsinin sədri, Niderlandın xarici işlər naziri Bernard Bot ölkəmizdə gedən demokratik prosesləri diqqətlə izlədiyini bildirmiş, Avropa Şurasının məhbuslarla bağlı siyahısına düşmüş bir çox şəxsin Azərbaycan Prezidenti İlham Əliyevin son əfv Fərmanı ilə azadlığa buraxılmasını dövlətimizin Avropa Şurasına daxil olarkən götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində cəsarətli addım kimi yüksək qiymətləndirmiş, digər məhbuslar barəsində də belə addım atılacağına böyük inam bəslədiyini vurğulamışdır.
Hesabat zamanı Milli Məclisin deputatı Rafael Hüseynovun yazılı şəkildə Nazirlər Komitəsinə sualı səslənmişdir. Sual Cənubi Qafqaz bölgəsi ölkələrinin sərhədlərinin tanınması problemi ilə bağlı olmuşdur. Azərbaycanla Gürcüstan arasında mövcud sərhədlərin tanınması sualda qabarıq şəkildə qoyulmuşdur. Bu isə, öz növbəsində, hər üç respublikanın sərhədlərinin və işğalçı Ermənistanın Azərbaycanın ərazilərini tanıması probleminə dolayısı yolla toxunmaq idi.
Suala cavab verən Avropa Şurası Parlament Assambleyası AŞ-nin üzvü olan ölkələrin ərazi bütövlüyünə və suvereniliyinə hörmətlə yanaşdığını, bu prinsipin qorunmasına həmişə səy göstərəcəyini bir daha bəyan etmişdir.
Sessiyada Kiprdə vəziyyət məsələsi qızğın müzakirələrə səbəb olmuşdur. Bununla əlaqədar çıxış etmiş deputatlar Kiprin yunan və türk icmaları arasındakı mövcud münasibətlərin tezliklə aradan qaldırılmasının vacibliyini söyləmiş, BMT baş katibinin Kiprdə sülhü təmin etməyə dair planında müəyyən dəyişikliklər olunmasını təklif etmiş, yunan və türk icmaları arasında maneəsiz gediş-gəlişi təmin etmək barədə AŞPA-nın Nazirlər Komitəsinə tövsiyələri yekdilliklə dəstəkləmişlər.
Günün ikinci yarısında iclas Gürcüstanın yeni seçilmiş prezidenti Mixail Saakaşvilinin çıxışı ilə başlamışdır. Ölkəsindəki vəziyyəti təhlil edən Gürcüstan prezidenti qonşu dövlətlərlə, o cümlədən Azərbaycanla münasibətlərə toxunmuşdur. O, tarixən qonşu olan xalqlarımız arasında mehriban və dostluq əlaqələri olduğunu açıqlayaraq, bu əlaqələrin möhkəmlənməsində Prezident Heydər Əliyevin xüsusi xidmətlərini vurğulamışdır. Prezident İlham Əliyevlə möhkəm şəxsi dostluq əlaqələri yaradacağını xüsusi vurğulayan Gürcüstan rəhbəri ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsini regionda sülhün bərqərar olmasında mühüm amil kimi qiymətləndirmiş, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsini dəstəklədiyini bildirmişdir.
AŞPA-nın qış sessiyası davam edir.