AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ QIŞ SESSİYASI ÖZ İŞİNƏ BAŞLADI
AzerTAg.az
Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətindən ibarət deputat qrupu qurumun qış sessiyasında iştirak etmək üçün yanvarın 24-də Strasburqa gəlmişlər.
Yanvarın 25-də sessiya işinə başlamışdır. Səhər qurumun müxtəlif qruplarında iştirak etmiş deputatlarımız müzakirə olunan məsələlər barədə ölkəmizin mövqeyini bildirmişlər.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, günün ikinci yarısında sessiyanın gündəliyinə çıxarılmış Avropanın rəmzi paytaxtı Strasburqun potensialının inkişafı, Azərbaycan, Gürcüstan və Ermənistanın Avropa Şurası qarşısında götürdükləri öhdəliklərin yerinə yetirilməsi, Gürcüstanda prezident, Serbiyada parlament seçkiləri, Kiprdə vəziyyət, beynəlxalq terrorizmlə mübarizə, Ukraynada Konstitusiya böhranı, inkişaf etməkdə olan ölkələrin perspektivlərini daha da yaxşılaşdırmaq, Assambleya sədrinin və sədr müavininin seçilməsi, Avropa İttifaqının genişləndirilməsinin iqtisadi aspektləri, insan hüquqları üzrə Avropa məhkəməsinə namizədlərin göstərilməsi və digər məsələlər geniş müzakirəyə səbəb olmuşdur.
İclasın əvvəlində Piter Şider Assambleyanın sədri seçilmişdir. Prezident İlham Əliyev sədr müavini və Büro üzvü vəzifələrini tərk etdiyinə görə, prosedur qaydalarına müvafiq olaraq, bu vəzifələrə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yekdilliklə seçilmişdir.
Ukrayna və Kiprlə bağlı məsələlər qızğın müzakirələr yaratmışdır. Ukrayna məsələsinin gündəliyə daxil edilməsinə qarşı çıxan bu ölkənin nümayəndə heyətinin qəti etirazına baxmayaraq, məsələ gündəlikdə qalmış, Kipr türkləri icmasının nümayəndələri dəvət olunmadıqlarına görə, onunla bağlı müzakirə başqa vaxta keçirilmişdir.
Avropanın rəmzi paytaxtı Strasburqun potensialının inkişafı məsələsinin müzakirəsi zamanı azərbaycanlı deputat Rafael Hüseynov bu şəhərdə Avropa Şurasının üzvü olan 45 ölkə təmsil olunmaqla Avropa Muzeyinin və siyasi jurnalistikanın inkişafına xidmət edəcək xüsusi mərkəzin yaradılması təkliflərini irəli sürmüşdür. Daha sonra R.Hüseynov öz çıxışında Strasburqun Avropanın rəmzi paytaxtı kimi inkişaf etdirilməsi fikrini dəstəkləmiş, Avropa Şurasını, burada fəaliyyət göstərən siyasətçiləri bir milyondan artıq qaçqın-köçkünün rəmzi paytaxtı hesab olunan Azərbaycanda bu problemə tezliklə son qoymağa, narkotik maddələr yetişdirilən və tranzit edilən, nüvə qəbiristanlığı hesab olunan və beynəlxalq terrorçuların hazırlandığı mənfi rəmzli paytaxt Dağlıq Qarabağın və ona bitişik 7 rayonumuzun erməni işğalından azad olunmasına səylərini əsirgəməməyə çağırmışdır.
AŞPA-nın sessiyası öz işini davam etdirir.
Xəbərin mətnində orfoqrafik səhv var