SİYASƏT
AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI MONİTORİNQ KOMİTƏSİNİN NÖVBƏTİ İCLASINDA
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AZƏRTAC-ın müxbirinə demişdir ki, qurumun Monitorinq Komitəsinin martın əvvəlindəki iclasında mayın 13-də Milli Məclisə keçiriləcək təkrar seçkilərdə müşahidəçilik məsələsi müzakirə olunacaqdır. Müşahidə missiyasına yenə də Leo Platvoyet rəhbərlik etməsi güman olunur. Noyabrın 6-da keçirilmiş seçkiləri AŞPA-dan 47 nəfərlik müşahidə qrupu məhz onun rəhbərliyi ilə izləmişdir.
S.Seyidovun sözlərinə görə, təkrar seçkilərin də tam demokratik və şəffaf keçirilməsi Azərbaycan üçün olduqca vacibdir. Çünki seçki məsələsi ölkəmizin imicinə təsir göstərən mühüm amillərdəndir. Mərkəzi Seçki Komissiyasının və AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin tam tərkibi də təkrar seçkilərdən sonra formalaşacaqdır.