SİYASƏT
AVROPA ŞURASI TƏRƏFİNDƏN QƏBUL EDİLƏN TÖVSİYƏLƏR HƏYATA KEÇİRİLİR
Fevralın 12-də Qadın Problemləri üzrə Dövlət Komitəsində Avropa Şurası Nazirlər Komitəsi tərəfindən qəbul edilən “Qadınların zorakılıqdan müdafiəsi” və “Seksual istismar məqsədi ilə insan alverinə qarşı mübarizə” adlı tövsiyələrin həyata keçirilməsi ilə əlaqədar yığıncaq keçirilmişdir.
Komitədən AZƏRTAC-a bildirmişlər ki, bu qurumun sədri Zəhra Quliyeva çıxışında Qadınlar üzrə Dördüncü Dünya Konfransının qəbul etdiyi sənəddə əksini tapan müddəalardan danışmış, qadınlara qarşı zorakılığın aradan qaldırılmasının, qadın və uşaq alverinin qarşısının alınmasının vacibliyini vurğulamışdır. Demişdir ki, Avropa Şurası tərəfindən qəbul edilmiş hər iki tövsiyənin həyata keçirilməsi ilə əlaqədar aidiyyatı nazirliklərin nümayəndələrinin iştirakı ilə işçi qrup yaradılmalıdır. Həmin şəxslər gələcəkdə “Milli fəaliyyət planı”nın hazırlanmasında iştirak edəcəklər.
Çıxış edən digər natiqlər də qadinlara qarşı zorakılığın aradan qaldırılması ilə bağlı öz fikirlərini bildirdilər.
Yıgıncaqda Konstitusiya Məhkəməsinin, Xarici İşlər, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə nazirliklərinin nümayəndələri iştirak edirdilər.