SİYASƏT
AVROPA ŞURASI YERLİ VƏ REGİONAL HAKİMİYYƏTLƏR KONQRESİNİN NÜMAYƏNDƏLƏRİ BAKIDADIR
Avropa Şurasının yerli və regional hakimiyyətlər konqresinin monitorinq qrupu martın 7-də Milli Məclisin regional məsələlər daimi komissiyasının üzvləri ilə görüşmüşdür.
Komissiyanın sədri Zahid Qaralov qonaqlara Azərbaycanda yerli özünüidarə orqanlarının fəaliyyəti, bələdiyyələrlə bağlı qanunvericilik bazasının yaradılması barədə ətraflı məlumat vermişdir. O, demişdir ki, Azərbaycanda bələdiyyələrin tam müstəqil olmaları üçün Mərkəzi Avropa və Türkiyədəki yerli özünüidarə orqanlarının fəaliyyətindən fərqli yol seçilmişdir. İndi bələdiyyələrin fəaliyyət dairəsi genişlənir, bunun üçün möhkəm və işlək qanunvericilik bazası yaradılır.
Avropa Şurası yerli və regional hakimiyyətlər konqresinin vitse-prezidenti Jan- Klod Frenkon bildirmişdir ki, monitorinq qrupu Azərbaycanda yerli özünüidarə orqanlarının fəaliyyəti ilə bağlı konqresə məruzə hazırlayır. Bu məruzənin müsbət olması Azərbaycanın beynəlxalq nüfuzunun artmasına da təsir edəcəkdir.
Axırda Z.Qaralov qonaqları maraqlandıran suallara ətraflı cavab vermişdir.