İQTİSADİYYAT
AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI BAKI-TBİLİSİ-CEYHAN BORU KƏMƏRİNİN TİKİNTİSİNƏ 300 MİLYON DOLLAR AYIRMAQ FİKRİNDƏDİR
Gürcüstan Beynəlxalq Neft Korporasiyasında AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Avropa Yenidənqurma və İnkişaf Bankı Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisinə 300 milyon dollar ayırmaq niyyətindədir. Korporasiyanın mətbuat xidməti AYİB-in vitse-prezidenti xanım Norin Doyla istinadla həmçinin bildirmişlər ki, 60 ölkənin nümayəndələrin daxil olduğu AYİB-in Direktorlar Şurası Bakı-Tbilisi-Ceyhan boru kəmərinin maliyyələşdirilməsi məsələsi barədə qəti qərarı bu il qəbul edəcəyi gözlənilir. Onun sözlərinə görə, bu məbləğin 50 faizini AYİB-in öz vəsaiti, ikinci yarısını isə özəl bankların vəsaitləri təşkil edəcəkdir. AYİB “Azəri-Çıraq-Günəşli” yatağının geniş miqyasda işlənilməsi layihəsini də həmin sxemlə maliyyələşdirərək, onun gerçəkləşdirilməsinə 200 milyon dollar ayırmağı nəzərdə tutur. Norin Doyl qeyd etmişdir ki, AYİB-in kreditlər ayırmaq istədiyi Azərbaycanın bütün neft-qaz layihələri hazırda bank tərəfindən müzakirə olunur. AYİB-in vitse-prezidenti demişdir: “Biz layihələrin maliyyə baxımından sərfəliliyi ilə yanaşı, onların ekolji təhlükəsizliyini də nəzərə alırıq. Əmin olmaq istəyirik ki, bu layihələr inkişaf edəcək, regiona iqtisadi fayda verəcək və sabitlik gətirəcəkdir. İstəyirik ki, neft və qaz layihələrinin həyata keçirilməsi hesabına Azərbaycanda infrastruktur inkişaf etsin, sosial şərait yaxşılaşsın”. Xanım Norin Doyl vurğulamışdır ki, makroiqtisadi və siyasi sabitliyə nail olmaq işində Azərbaycanı region üçün nümunə hesab etmək olar.