İDMAN
“AVRO 2020: Bakının təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan edilib
Bakı, 23 iyul (AZƏRTAC). Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən “AVRO 2020: Bakının təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan edilib.
KİVDF-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin məqsədi “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramına” uyğun olaraq ölkəmizdə beynəlxalq turnirlərin keçirilməsi prosesinin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.
Müsabiqədə ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentlikləri) fasiləsiz çalışan şəxslər iştirak edə bilərlər. Təqdim olunan yazıların sərlövhələri təklif edilmiş mövzularla eyni olmalıdır.
Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları yalnız çalışdıqları mətbuat orqanlarında dərc edilməlidir. İnformasiya agentliklərində çalışan jurnalistlərin yazıları isə son 1 ildə həftədə 1 dəfədən az olmayaraq nəşr edilən qəzetlərdə çap olunmalıdır. Yazılar Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı” ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. Qəzetdə dərc olunmuş yazıda “Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.
Qiymətləndirmə zamanı mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma, materialın oxucu üçün informasiyalılıq səviyyəsi, yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi, jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti, eləcə də ictimai maraqların müdafiəsi kimi meyarlar əsas götürüləcək.
Müsabiqənin mükafat məbləği birinci yer üçün 1000 manat, ikinci yer (2 nəfər) üçün 800 manat, üçüncü yer (3 nəfər) üçün 600 manatdır. Beş nəfər iştirakçıya isə hər birinə 200 manat olmaqla həvəsləndirici mükafat təqdim ediləcək.
Qaliblər, həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.