İQTİSADİYYAT
AYİB VƏ bp GÜRCÜSTANA 25 MİLYON DOLLAR VƏSAİT AYIRMAQ NİYYƏTİNDƏDİRLƏR
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və bp şirkəti bir sıra regional inkişaf layihələrini həyata keçirmək üçün Gürcüstana kredit və qrant şəklində 25 milyon dollar vəsait ayırmaq niyyətindədirlər.
AYİB və bp uzunmüddətli iş yerləri açılandan, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin tikintisi başa çatandan sonra sabit iqtisadi inkişafı bərqərar etməyə yönəlmiş yeni təşəbbüs irəli sürürlər. Onlar ümid edirlər ki, bu təşəbbüsə kəmərin inşasında iştirak edən konsorsiumun digər iştirakçıları da qoşulacaqlar. Layihənin ümumi dəyərinin 100 milyon ABŞ dolları olacağı gözlənilir.
Xəbər verildiyi kimi, AYİB-in Direktorlar şurası bu ay BTC neft kəmərinin Azərbaycan və Gürcüstan hissələrinin tikintisinə 125 milyon ABŞ dolları həcmində vəsait ayırmağı qərara almışdır. Bundan əlavə, həmin qurum bir sıra kommersiya bankları vasitəsilə layihə üçün daha 125 milyon dollar əldə etmək niyyətindədir.