AZADLIQ MÜBARİZLƏRİNİN ƏMƏLLƏRİ ƏBƏDİ YAŞAYACAQDIR

AZƏRTAC xəbər verir ki, yanvarın 19-da Nizami Rayon İcra Hakimiyyəti tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinə ehsan süfrəsi açılmışdır.
Mərasimdən əvvəl rayon ictimaiyyətinin, müəssisə, təşkilat və idarələrin nümayəndələri rayon ərazisindəki Şəhidlər xiyabanını və xatirə komplekslərini ziyarət edərək, qəhrəman vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzmüş, dualar oxunmuşdur.
Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Rayon icra hakimiyyətinin başçısı Mehbalı Əliyev bu qanlı faciənin səbəblərindən, həmin dəhşətli hadisəni törədən keçmiş imperiya rəhbərlərinin məkrli niyyətlərindən danışdı, 20 Yanvar qırğınına ilk dəfə siyasi və hüquqi qiymətin məhz ümummilli liderimiz Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırdı. Bildirildi ki, ulu öndərimiz xalqın təkidi ilə yenidən hakimiyyətə gələrək ölkəmizi məhv olmaq təhlükəsindən xilas etdi, Azərbaycanı tənəzzül girdabından qurtararaq, demokratik inkişaf yoluna çıxartdı.
İndi ümummilli liderimizin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz öndərinin müəyyən etdiyi inkişaf yolu ilə inamla irəliləyir.
Anma mərasimində rayonun uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzinin üzvləri Qanlı Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Biz sizə borcluyuq, igid şəhidlər!” adlı ədəbi-bədii kompozisiya göstərdilər, şeirlər söylədilər, mahnılar ifa etdilər.
Sonda, “European Tobacco-Baku” ASC tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərə maddi yardım göstərilmiş, ərzaq bağlamaları paylanmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.