İQTİSADİYYAT
AZAD TİCARƏT ZONASI YARADILMASININ MÜMKÜNLÜYÜ MÜZAKİRƏ OLUNMUŞDUR
Fevralın 27-də Moskvada,”Prezident” mehmanxanasında MDB İcraiyyə Komitəsinin təşəbbüsü ilə “MDB ölkələrinin iqtisadi sahədə qarşılıqlı fəaliyyətinin inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Tədbirdə MDB-nin üzvü olan ölkələrin milli və dövlətlərarası orqanlarının, sahibkarlıq strukturlarının nümayəndələri, elm xadimləri iştirak etmişlər.
Konfransda Birlik üçün vacib olan inteqrasiya proseslərinin inkişafına, istehsalın dirçəldilməsinə, iqtisadiyyatın yüksəldilməsinə dair məsələlər müzakirə olunmuşdur.
MDB-nin icraçı katibi Yuri Yarov çıxışında bildirmişdir ki, konfransın keçirilməsindən məqsəd daha dərin iqtisadi inteqrasiya məsələlərinin müzakirəsi və iqtisadiyyatın bütün sahələrinə aid tövsiyələrin hazırlanmasıdır. Onun sözlərinə görə, Birliyin fəaliyyətinin bu mərhələsində azad ticarət zonasının yaradılması və iqtisadi sahədə qarşılıqlı fəaliyyətin bütün istiqamətlərində daha əlverişli rejimin təşkili məsələləri daha aktualdır. Y.Yarov demişdir ki, bundan əlavə, MDB təşkilatları qarşısında duran mühüm vəzifələrdən biri də bütün iştirakçı dövlətlərin iqtisadi maraqlarına cavab verən ümumiləşdirilmiş qanunvericilik bazasının yaradılmasıdır.
Elmi-praktik konfransın materiallarından “MDB-nin üzvü olan ölkələrin iqtisadi sahədə qarşılıqlı fəaliyyətinin inşişafı” məsələlərinə dair yekun sənədlərinin hazırlanmasında istifadə ediləcəkdir. Həmin sənədlər MDB Hökumət Başçıları Şurasında və Dövlət Başçıları Şurasında nəzərdən keçiriləcəkdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva