İQTİSADİYYAT
AZAL Əl-Küveytə müntəzəm reyslər həyata keçirməyə başlayacaq
Bakı, 19 noyabr, AZƏRTAC
Cari ilin dekabr ayının 22-dən etibarən “Azərbaycan Hava Yolları” (AZAL) Bakı-Küveyt-Bakı marşrutu üzrə müntəzəm uçuşlara başlayacaq.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, AZAL J2-119/J2-120 reysləri həftədə iki dəfə çərşənbə axşamı və şənbə günləri, ekonom sinif və komfort-klub konfiqurasiyalı “Airbus A319” tipli təyyarə ilə həyata keçiriləcək.
Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından reallaşdırılacaq.
Qeyd edək ki, əvvəllər Küveyt istiqaməti üzrə uçuşlar aviaşirkət tərəfindən çarter proqramı əsasında həyata keçirilirdi.
Küveyt Yaxın Şərqin müasir şəhərlərinin həyatı ilə tanış olmaq istəyən səyahətçilərin ürəyincə olacaq. Burada ən gözəl “Grand Mosque” məscidini, unikal ekspozisiyalı muzeyləri, möhtəşəm sarayları ziyarət etmək, daha sonra isə “Kuwait towers” göydələninin yuxarı mərtəbələrindəki restoranında şam yeməyinə qatılmaq olar. Bundan əlavə Küveytdə ziyarətçilər üçün açıq olan “Kuwaiti Stock Exchange” fond birjasını da ziyarət etmək mümkündür.
Biletləri AZAL-ın kassalarında, aviaşirkətin rəsmi agentliklərində və “www.azal.az” saytında bron etmək və əldə etmək olar. Balların avtomatik hesablanması məqsədilə, aviabilet alarkən müvafiq qrafada “AZAL Miles” proqramında iştirakçı nömrənizi qeyd etməlisiniz.
“AZAL Miles” bonus proqramı barədə ətraflı məlumat aviaşirkətin “www.miles.azal.az” saytında təqdim edilib. Proqram iştirakçısı olmayan şəxslərə “http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=ru” keçidi vasitəsilə qeydiyyatdan keçmək təklif olunur.
Aviabiletlərin alınması ilə əlaqədar və ətraflı məlumat üçün (+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880) telefon nömrələri, [email protected] elektron ünvanı və (+99450) 437-40-82 WhatsApp (yalnız yazılı müraciətlər üçün, bu nömrəyə zənglər qəbul edilmir) nömrəsi ilə müraciət etmək olar.
“AZAL Miles” bonus proqramına dair sualları “[email protected]” ünvanına, yaxud “www.azal.az” saytında doldurulan əlaqə forması vasitəsilə göndərmək mümkündür.