İQTİSADİYYAT


AZAL Almatıda yeni müntəzəm aviareysin təqdimatını keçirib

Bakı, 19 aprel, AZƏRTAC

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Almatıda Qazaxıstanın turizm operatorları və agentləri üçün Bakı-Almatı-Bakı yeni müntəzəm istiqamətinin təqdimatını keçirib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, AZAL-ın Marketinq və İstehsalat İdarəsinin rəhbəri Fuad Yusifov giriş nitqi ilə çıxış edib. Bildirib ki, Milli aviadaşıyıcının yeni istiqaməti olduqca uğurludur, hər yeni aviareys ilə hər iki istiqamət üzrə sıxlığın artması müşahidə olunur.

Onun sözlərinə görə, Bakı-Almatı-Bakı aviareysləri həftədə iki dəfə həyata keçirilir. Bakıdan uçuş həftənin çərşənbə axşamı və şənbə günləri, Almatıdan uçuş isə çərşənbə və bazar günləri yerinə yetirilir. AZAL-ın Qazaxıstanda baş tərəfdaşı qismində “Nur Ai & Co” turizm şirkəti çıxış edir.

Tədbirdə, həmçinin Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatı üzrə nümayəndəsi Ramil Rzayev və Qazaxıstanda Azərbaycan diasporunun rəhbəri Əbülfəz Xamedov çıxış ediblər. Onlar çıxışlarında bildiriblər ki, yeni istiqamətin açılması turizmin və ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına kömək edəcək.

AZAL-ın marşrut şəbəkəsinin inkişafı üzrə meneceri Ruslan Abdullayev öz təqdimatında sərnişinlər və turagentlər üçün üstünlüklər barədə danışıb. Azərbaycanın turizm imkanlarını Azərbaycan Turizm Bürosunun MDB ölkələri üzrə regional meneceri Fidan Axundzadə və “Silk Way Travel” şirkətinin daxili turizm üzrə mütəxəssisi Nərminə Ağayeva təqdim ediblər.

Heydər Əliyev Beynəlxalq Aeroportunun direktor müavini Elnur Zülfüqarov Azərbaycanın əsas hava limanının imkanları və üstünlükləri haqqında danışaraq Qazaxıstanın digər aviaşirkətlərini Bakıya birbaşa reyslər açmağa çağırıb.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları”, Heydər Əliyev Beynəlxalq Aeroportu və "SW Travel" turizm şirkəti, həmçinin öz stendləri ilə aprelin 17-dən 19-dək Almatıda keçirilən "KITF-2019" turizm sərgisində təmsil olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.