İQTİSADİYYAT


AZAL Ankara və Antalyaya xüsusi reyslər həyata keçirməyə başlayır

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakıdan Türkiyənin daha iki şəhərinə - Ankara və Antalyaya xüsusi reyslər həyata keçirməyə başlayır. Paytaxt Ankaraya AZAL-ın reyslərinin həyata keçirilməsi həftədə iki dəfə - bazar ertəsi və şənbə günləri olmaqla sentyabrın 28-dən etibarən nəzərdə tutulub.

AZAL-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Antalyaya xüsusi reyslər sentyabrın 30-dan etibarən hər həftənin çərşənbə günləri həyata keçiriləcək.

Xatırladaq ki, hazırda AZAL həftədə 11 reys olmaqla İstanbula uçuşların həyata keçirilməsini davam etdirir.

Türkiyəyə bütün istiqamətlər üzrə aviabilet satışı aviaşirkətin “www.azal.az” rəsmi saytında, habelə aviaşirkətin akkreditə olunmuş agentliklərində həyata keçirilir. Pandemiya dövründə həyata keçirilən xüsusi reyslərin qaydalarına uyğun olaraq yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər uçuşlara buraxılır.

Bakıda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı ilə “https://www.azal.az/az/information/covid-clinics” saytında tanış olmaq olar.

Türkiyədən uçduğunuz zaman, “Memorial Sağlık Grubu” klinikası və Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan klinikalardan birində testdən keçə bilərsiniz: “https://covid19.saglik.gov.tr/TR-68720/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi.html”.

Nazirlər Kabinetinin Qərarına əsasən, həmin reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar. Bu məqsədlə sərnişinlər uçuş zamanı bəyannamə dolduraraq iki həftə müddətində təcrid oluna biləcəkləri yaşayış ünvanını qeyd etməlidirlər.

Qeyd edək ki, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarənin göyərtəsində xüsusi qaydalar tətbiq olunur. "Azərbaycan Hava Yolları" tərəfindən hazırlanmış videotəlimatı buradan izləyə bilərsiniz: “https://youtu.be/-s-0s4o1L2M

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.