İQTİSADİYYAT
AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsi qaydaları barədə məlumat yayıb
Bakı, 27 mart, AZƏRTAC
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Azərbaycan vətəndaşları üçün Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsi qaydaları haqqında məlumat yayıb.
AZAL-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aviaşirkət Azərbaycan vətəndaşlarının nəzərinə qeyd-şərtsiz əməl etməli olduqları Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin gediş-gəliş qaydalarını çatdırır.
Bakıdan Naxçıvana uçmalı olan Azərbaycan vətəndaşları üçün qaydalar:
- Bakıdan Naxçıvana yalnız Naxçıvan Muxtar Respublikasında DAİMİ YAŞAYAN sərnişinlər uça bilər;
- AZAL aviaşirkətinin müntəzəm reysləri HƏFTƏDƏ BİR DƏFƏ, CÜMƏ AXŞAMLARI yerinə yetiriləcək. Bakıdan uçuş vaxtı saat 13:10-da müəyyən edilib;
- reyslər Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalından həyata keçiriləcəkdir. YALNIZ adlarına aviabilet əldə edən SƏRNİŞİNLƏRİN aerovoğzal binasına daxil olmasına icazə verilir. Digər şəxslərin, o cümlədən müşayiət edən (qarşılayan/ yola salan) şəxslərin aerovoğzal binasına girişi qadağandır;
- insanların bir yerə sıx toplaşmasının qarşısının alınması məqsədilə AZAL-ın şəhərdəki aviabilet satış ofisləri bağlıdır, Bakıdan Naxçıvan istiqaməti üzrə reysə aviabiletləri AZAL AVİAŞİRKƏTİNİN SAYTINDAN əldə edə bilərsiniz (“www.azal.az”);
- AVİAŞİRKƏTƏ MƏXSUS SATIŞ OFİSLƏRİNDƏN əldə olunan aviabiletlər YALNIZ HƏFTƏNİN CÜMƏ AXŞAMLARI günləri Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalının satış kassasında geri qaytarıla və dəyişdirilə bilər;
- AZAL aviaşirkətinin rəsmi saytından əldə olunan AVİABİLETLƏRİN GERİ QAYTARILMASI VƏ YA DƏYİŞDİRİLMƏSİ ilə bağlı suallarınız üçün “[email protected]” elektron poçt vasitəsilə DƏSTƏK XİDMƏTİNƏ müraciət edə bilərsiniz;
Naxçıvandan Bakıya uçmalı olan Azərbaycan vətəndaşları üçün qaydalar:
- Naxçıvandan Bakıya yalnız Bakıda və ölkənin digər bölgələrində daimi yaşayan sərnişinlər uça bilər. Naxçıvandan uçuş vaxtı 15:30-da müəyyən edilib.
- Naxçıvan Muxtar Respublikasında daimi yaşayan Azərbaycan vətəndaşlarının Bakıya uçub gəlmələri QADAĞANDIR;
- xarici vətəndaşlar üçün Naxçıvandan Bakıya uçub getmək QADAĞANDIR;
- Bakıya gələn bütün sərnişinlər mütləq qaydada KARANTİNƏ YERLƏŞDİRİLİR.
AZAL aviaşirkəti bir daha vətəndaşları kəskin ehtiyac olmadan evlərindən çıxmamağa və hava yolu ilə səyahətlərdən çəkinməyə çağırır. Aviaşirkət dünyanın əksər ölkələrinin qarşılaşdığı hazırkı fövqəladə vəziyyətdə daha təmkinli olmağı və görülən tədbirlərə anlayışla yanaşmağı xahiş edir.