İQTİSADİYYAT
AZAL Cenevrəyə ilk çarter reysini yerinə yetirib YENİLƏNİB
Cenevrə, 31 oktyabr, Elvin Camalov, AZƏRTAC
Oktyabrın 30-da “Azərbaycan Hava Yolları” (AZAL) birgə çarter proqramı çərçivəsində Bakı-Cenevrə marşrutu üzrə ilk uçuşunu yerinə yetirib.
AZƏRTAC xəbər verir ki, AZAL aviaşirkəti və aeroportun rəhbərliyinin, diplomatik korpus və KİV nümayəndələrinin iştirakı ilə Cenevrə hava limanında təyyarənin qarşılanma mərasimi keçirilib.
Qarşılanma mərasimində çıxış edən “Azərbaycan Hava Yolları” sərnişin aviaşirkətinin direktoru Cəmil Manizadə bildirib ki, AZAL-ın reyslərinin sayının artırılması istiqamətində yürüdülən siyasət davam etdiriləcək. Aviaşirkət sərnişinlərə Cenevrədən Bakıya və geriyə birbaşa aviareys təqdim etməkdən məmnundur. Cenevrə reysini həyata keçirən təyyarələr digərlərindən fərqlənir. Belə ki, Bakı-Cenevrə istiqamətində uçuşlar həyata keçirən təyyarələrin üç xidmət sinfi - VIP Club, Business Class və ekonom sinfi mövcuddur. Reyslər təkmilləşdirilmiş komfortlu oturacaqlara malik “Airbus A319” təyyarələri ilə yerinə yetiriləcək.
O qeyd edib ki, AZAL-ın J2-5009/J2-5010 reysləri həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri baş tutacaq.
Azərbaycan Respublikasının İsveçrədəki səfiri Xanım İbrahimova iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin yüksək inkişafından söz açıb.
Bildirib ki, son dövrlər Azərbaycanda turizmin dinamik inkişafına nəzər salınsa, fəaliyyətə başlayan Bakı-Cenevrə-Bakı çarter reysləri hər iki ölkənin turistləri üçün gözəl imkanlar yaradacaq.
Səfir diqqətə çatdırıb ki, İsveçrə Turizm Agentliyi ilə Azərbaycan Turizm Agentliyi arasında bağlanmış sazişə əsasən hər iki ölkənin turizm potensialı olan şəhərlərinin, mədəniyyətlərinin tanıtımı, buraya turist axınının cəlb edilməsi ilə bağlı addımlar atılacaq. Həmçinin Bakı-Cenevrə-Bakı reysi qarşılıqlı biznes əlaqələrinin qurulmasına, yeni investisiya yatırımlarına təkan yarada bilər.
İsveçrənin Azərbaycandakı səfirinin müavini Simone Haeberli isə bildirib ki, aviareys yüksək komfortlu təyyarə ilə həyata keçirilib və indi 4,5 saata Cenevrədən Bakıya və geriyə qayıtmaq olar.
Qarşılama mərasimində iştirak edən digər qonaqlar da Bakının gözəlliyindən, turizm potensialından, mədəniyyətindən və əhalinin qonaqpərvərliyindən danışıb, isveçrəli vətəndaşları Bakıya dəvət edib.
Qeyd edək ki, Bakı-Cenevrə-Bakı çarter reysi üzrə uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 1-dən həyata keçiriləcək.
Aviabiletləri AZAL-ın kassalarında, rəsmi agentliklərində və şirkətin "www.azal.az" saytında bronlaşdırmaq və əldə etmək mümkündür.
Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün (+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880) əlaqə nömrələrinə, "[email protected]" elektron ünvanına və (+99450) 437-40-82 (yalnız yazılı müraciətlər, bu nömrə zəngləri qəbul etmir) WhatsApp nömrəsi ilə əlaqə saxlamaq olar.